Meksika hökuməti zəlzələdən ciddi zərər çəkmiş Venesuela sakinlərinə dəstək məqsədilə Hərbi Dəniz Qüvvələrinə məxsus humanitar yardımla dolu iki irihəcmli logistika gəmisini yola salıb.
Denizxeber.az bildirir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi və Hərbi Dəniz Qüvvələri Nazirliyi birgə rəsmi bəyanat yayıb.
Birgə bəyanatda humanitar missiyanın təfərrüatları belə açıqlanıb:
“Prezident Klaudiya Şeynbaumun Venesuela Respublikasına təcili humanitar yardımın çatdırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Meksika HDQ-nə məxsus “İsla Holbox” və “Huasteco” logistika gəmiləri təxminən 2 003 kubmetr həcmində zəruri ərzaq və yardım ləvazimatları ilə bu gün limandan yola düşüb”.
Göndərilən humanitar dəstək paketinə butulkalaşdırılmış içməli sular, şəxsi gigiyena vasitələri və ilkin tələbat üçün nəzərdə tutulan tibbi dərman preparatları daxildir. Zəlzələ bölgəsində içməli su problemini aradan qaldırmaq üçün Meksika tərəfi həmçinin hər birinin gücü saatda 1 000 litr olan dörd ədəd xüsusi su təmizləyici qurğunu və onlara xidmət edəcək peşəkar işçi heyətini də Venesuelaya ezam edib.
Hərbi logistika gəmilərinin dəniz keçidinin təxminən altı gün davam edəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, bu, Meksikanın fəlakət bölgəsinə ilk yardımı deyil. Ötən həftənin əvvəlində Meksika hökuməti Venesuelanın enerji təminatını bərpa etmək məqsədilə ölkəyə 8 ədəd iritutumlu elektrik generatoru daşıyan xüsusi humanitar təyyarə də göndərmişdi.





