Kanada yeni Mükəmməllik Mərkəzi ilə dünya arenasına çıxır

95

Kanadanın Britaniya Kolumbiyası Texnologiya İnstitutu əyalətdə Dəniz İnnovasiyaları və Simulyasiya Mükəmməllik Mərkəzinin (MISE) yaradılması üçün 76,5 milyon Kanada dolları (təxminən 54 milyon ABŞ dolları) həcmində investisiya ayrıldığını açıqlayıb.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, “Kongsberg” və “Kongsberg Maritime” ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək layihə dənizçilik sahəsində innovasiyaların və kadr hazırlığının inkişafına, tətbiqi elmi tədqiqatların genişləndirilməsinə və Kanadanın Müdafiə Sənayesi Strategiyasının prioritetlərinin dəstəklənməsinə xidmət edəcək.

Mərkəzdə “Kongsberg Maritime”ın simulyasiya texnologiyaları əsasında yaradılacaq mühitdə dəniz təhlükəsizliyi, avtonom idarəetmə, kiber təhlükəsizlik, kritik infrastruktur, limanların inkişafı, həmçinin aşağı və sıfır emissiyalı gəmi əməliyyatları üzrə tədqiqatlar, sınaqlar və qəza analizləri aparılacaq.

Layihə çərçivəsində bulud əsaslı simulyasiya sistemləri də istifadəyə veriləcək. Bu, tələbələrə məsafədən təhsil və təlim imkanlarını genişləndirəcək, eyni zamanda Kanadanın yerli xalqları üçün dənizçilik təhsili və peşə hazırlığına çıxışı artıracaq.

Kanadanın sənaye naziri Melani Coli bildirib ki, ölkədə ilk milli dəniz simulyasiyası və tətbiqi tədqiqat mərkəzi olacaq MISE sertifikatlı dənizçi çatışmazlığının aradan qaldırılmasına, yeni məhsulların hazırlanmasına və ölkənin dənizçilik və müdafiə sənayesinin inkişafına mühüm töhfə verəcək.