Denizxeber.az bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 28-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə məhkəmənin sədri Fərhad Abdullayev, hakimlər və Aparatın əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər. Ziyarətçilər ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini dərin ehtiramla yad edərək məzarları önünə tər çiçəklər düzüblər.
Daha sonra Konstitusiya Məhkəməsində yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən sədr Fərhad Abdullayev qurumun ötən dövrdəki fəaliyyətindən, ölkədə konstitusiya ədalət mühakiməsinin inkişafı və insan hüquqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib. Sədr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının sistemin müasirləşməsində böyük rol oynadığını vurğulayıb.
Yığıncaqda həmçinin məhkəmənin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qeyd olunub, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən Aparat əməkdaşlarına yeni ixtisas dərəcələrinin vəsiqələri təqdim edilib.
Tədbirin sonunda diqqətçəkən yeniliklərdən biri olan “Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi” təqdim olunub. Bildirilib ki, bu yeni rəqəmsal platforma gələcəkdə iş prosesinin sürətlənməsinə, qərarların sistemləşdirilməsinə və hüquqi araşdırmaların daha çevik şəkildə aparılmasına geniş imkanlar yaradacaq.







