Dənizçilik dünyasını sarsıdan itki: Kapitan Səməd Nəsrullayev faciəvi şəkildə həlak oldu

781

Azərbaycan dənizçilik ictimaiyyəti ağır itki ilə üzləşib. Ukraynanın Sulina limanı yaxınlığında hücuma məruz qalan “Atlas Bey” quru yük gəmisinin kapitanı, həmkarımız Səməd Nəsrullayev faciəvi şəkildə həyatını itirib.

Denizxeber.az bildirir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyin sədri İlham Nəsirov məlumat verib.

Gözlənilməz hücum nəticəsində gəmidə baş verən yanğın və təxribat hadisəsi təkcə gəmi heyətini deyil, bütün dənizçi cəmiyyətini yasa boğub. Kapitan Səməd Nəsrullayevin öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olması böyük kədər hissi ilə qarşılanıb.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi olaraq, kapitanımızın vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və bütün dənizçi ailəsinə dərin hüznlə başsağlığı veririk. Onun dənizçilik peşəsinə olan sədaqəti və xidmətləri hər zaman hörmətlə yad olunacaq.

Hazırda gəmidə yaralanan digər ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı aidiyyəti qurumlar, eləcə də konsulluqlar tərəfindən təcili koordinasiya tədbirləri həyata keçirilir. Hadisə ilə bağlı yeni məlumatlar daxil olduqca ictimaiyyətə məlumat veriləcək.

Məkanın cənnət olsun, şərəfli kapitanımız!