Birliyin sədrindən açıqlama

487

ADDİB-nin sədri İlham Nəsirovdan vasitəçi şirkətlərə çağırış: “Dənizçilərin təhlükəsizliyi hər şeydən önəmlidir”

Birliyin sədir Denizxeber.az-a açıqlamasında bildirib ki, son dövrlərdə dünya dənizçiliyində baş verən geosiyasi gərginliklər, silahlı münaqişələr və yüksək riskli dəniz marşrutlarında artan təhlükələr Azərbaycan dənizçilərinin təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.

Mövcud vəziyyətlə əlaqədar “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin (ADDİB) sədri İlham Nəsirov işəqəbul və vasitəçilik (crewing/manning) fəaliyyəti göstərən şirkətlərə müraciət edərək dənizçilərin təhlükəsizliyinin hər cür kommersiya marağından üstün tutulmasının vacibliyini vurğulayıb. O, eyni zamanda Azərbaycan dənizçilərini iş təkliflərini qəbul edərkən daha diqqətli, məsuliyyətli və məlumatlı olmağa çağırıb.

İlham Nəsirov bildirib ki, bu gün dənizçilərin həyat və sağlamlığı istənilən kommersiya marağından üstün tutulmalı, işə qəbul prosesində şəffaflıq, dürüstlük və peşə məsuliyyəti əsas prinsip olmalıdır.

“Bu gün vasitəçi şirkətlər sadəcə iş təklif edən qurum deyil. Onlar təqdim etdikləri hər bir vakansiya və verdikləri hər bir məlumatla dənizçilərin təhlükəsizliyinə birbaşa təsir göstərirlər. Buna görə də marşrut, fəaliyyət bölgəsi, gəminin bayrağı, operatoru, idarəedici şirkəti, daşınacaq yük və mövcud təhlükəsizlik riskləri barədə dənizçilərə tam və dürüst məlumat verilməsi həm peşə etikası, həm də vicdani məsuliyyət məsələsidir.”

Onun sözlərinə görə, ADDİB-ə daxil olan müraciətlər və dənizçilərlə aparılan görüşlər göstərir ki, bəzi hallarda işə qəbul zamanı təqdim olunan məlumatlarla faktiki vəziyyət arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.

“Təəssüf ki, bəzi hallarda dənizçiyə Aralıq dənizi istiqamətində işləyəcəyi bildirilir, lakin sonradan gəmi tamamilə fərqli və daha riskli bölgələrdə fəaliyyət göstərir. Bəzən bu dəyişikliklər barədə dənizçi yalnız gəmidə olarkən məlumat əldə edir. Bu cür yanaşma peşə etikası ilə uzlaşmır və dənizçinin təhlükəsizliyini risk altına qoyur.”

İlham Nəsirov qeyd edib ki, işə qəbul prosesi qarşılıqlı etimada əsaslanmalıdır. Dənizçiyə təqdim olunan məlumatlar sonradan dəyişdirilməməli, dəyişiklik zəruri olduğu hallarda isə bu barədə əvvəlcədən ətraflı məlumat verilməli və onun razılığı alınmalıdır.

“Riskli bölgələr yüksək maaş vədləri ilə təqdim edilməməlidir”

ADDİB sədri vasitəçi şirkətləri mövcud geosiyasi reallıqları nəzərə almağa çağırıb.

“Bəzi hallarda yüksək əməkhaqqı ön plana çəkilir, lakin marşrut, fəaliyyət bölgəsi, daşınacaq yük və mövcud risklər barədə dənizçiyə tam məlumat verilmir. Halbuki bu məlumatlar ən az əməkhaqqı qədər vacibdir. Heç bir maliyyə marağı insan həyatından üstün ola bilməz.”

İlham Nəsirov bildirib ki, dənizçilərin işə qəbulu prosesi yalnız vakansiyanın doldurulması kimi qiymətləndirilməməlidir.

“Vasitəçi şirkətlər dənizçilərə təqdim etdikləri hər bir iş təklifində dürüstlük, şəffaflıq və peşə məsuliyyəti prinsiplərinə sadiq qalmalı, onların həyat və təhlükəsizliyini hər hansı kommersiya marağından üstün tutmalıdırlar.”

Onun sözlərinə görə, vasitəçi şirkətlər yalnız mövcud vakansiyalarla kifayətlənməməli, yeni əmək bazarları araşdırmalı, təhlükəsiz istiqamətlər üzrə fəaliyyət göstərən etibarlı gəmiçilik şirkətləri ilə əməkdaşlığı genişləndirməli və Azərbaycan dənizçilərinə alternativ iş imkanları təqdim etməlidirlər.

“Riskli bölgələr ilk seçim deyil, son çıxış yolu olmalıdır. Vasitəçi şirkətlər dənizçiləri yalnız yüksək maaş vədləri ilə deyil, təhlükəsiz və etibarlı iş imkanları ilə cəlb etməlidirlər. Bu gün biz onlardan daha məsuliyyətli, daha şəffaf və daha uzaqgörən yanaşma gözləyirik.”

İlham Nəsirov əlavə edib ki, dənizçi vasitəçi şirkət üçün sadəcə vakansiyanı dolduran namizəd deyil. O, ailəsinin dayağı, övladlarının ümidi, valideynlərinin övladı və ölkəmizin yetişdirdiyi peşəkar kadrlardan biridir. Buna görə də onun təhlükəsizliyi hər hansı kommersiya marağından üstün tutulmalıdır.

“Dənizçi yalnız maaşı deyil, işləyəcəyi gəmini də seçir”

İlham Nəsirov vurğulayıb ki, məsuliyyət yalnız vasitəçi şirkətlərin üzərinə düşmür. Dənizçilər də qəbul etdikləri qərarlara ciddi yanaşmalıdırlar.

Onun sözlərinə görə, hər bir dənizçi iş təklifini qəbul etməzdən əvvəl aşağıdakı məsələləri mütləq dəqiqləşdirməlidir:

  • İşəgötürən və vasitəçi şirkətin etibarlılığı;
  • Gəminin operatoru, bayrağı və idarəedici şirkəti;
  • Gəminin fəaliyyət göstərəcəyi marşrut və limanlar;
  • Daşınacaq yükün növü;
  • Əmək müqaviləsinin bütün şərtləri.

“Dənizçi işləyəcəyi gəminin hansı yükü daşıdığını, hansı limanlara gedəcəyini və hansı sularda fəaliyyət göstərəcəyini bilməlidir. Bu məlumatları tələb etmək onun hüququdur. Çünki dənizçi iş seçərkən yalnız maaşı deyil, marşrutu, yükü, şirkəti və öz təhlükəsizliyini də seçmiş olur.”

İlham Nəsirov qeyd edib ki, son illərdə müxtəlif ölkələrdə baş vermiş hadisələr göstərir ki, bəzi dənizçilər işlədikləri gəminin fəaliyyəti, marşrutu və ya daşınan yük barədə kifayət qədər məlumatlı olmadıqları üçün ciddi hüquqi və təhlükəsizlik problemləri ilə üzləşiblər.

“Əgər Sizə işləyəcəyiniz gəmi, marşrut və ya yük barədə aydın və dolğun məlumat verilmirsə, bunu ciddi xəbərdarlıq siqnalı kimi qəbul edin. Tələsməyin, şirkəti araşdırın, əlavə məlumat tələb edin və yalnız hər şey Sizin üçün aydın olduqdan sonra qərar verin.”

Rəsmi əmək müqaviləsi və ITF standartları təhlükəsizliyin əsas təminatıdır

İlham Nəsirov bildirib ki, bütün əmək münasibətləri yalnız rəsmi əmək müqaviləsi əsasında qurulmalıdır.

Onun sözlərinə görə, dənizçilər əmək müqaviləsini tam oxumadan imzalamamalı, əməkhaqqı, sığorta, iş və istirahət rejimi, kompensasiya, habelə müqavilə başa çatdıqdan, xəstəlik və ya digər qanuni hallarda işəgötürən tərəfindən ölkəsinə qaytarılması (repatriasiya) ilə bağlı şərtlərlə əvvəlcədən diqqətlə tanış olmalıdırlar.

ADİB sədri həmçinin mümkün olduğu hallarda Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) tərəfindən təsdiqlənmiş Kollektiv Əmək Müqaviləsi (ITF Collective Agreement) əsasında fəaliyyət göstərən gəmilərə üstünlük verilməsinin dənizçilərin əmək hüquqlarının və sosial təminatlarının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“Təəssüf ki, bəzi dənizçilər ITF standartlarını və əmək müqaviləsində nəzərdə tutulan hüquqlarını oxumurlar. Halbuki həmin sənədlər əməkhaqqı, iş şəraiti, sığorta, ölkəyə qaytarılma hüququ (repatriasiya), kompensasiyalar və digər vacib təminatları müəyyən edir. Hüquqlarını bilməyən insan onları müdafiə etməkdə də çətinlik çəkir.”

“Pul qazanmaq mümkündür, insan həyatını geri qaytarmaq isə mümkün deyil”

Müraciətinin sonunda İlham Nəsirov vurğulayıb ki, dünya dənizçiliyində dəyişən təhlükəsizlik mühiti həm işəgötürənlərdən, həm vasitəçi şirkətlərdən, həm də dənizçilərin özlərindən daha məsuliyyətli yanaşma tələb edir.

“Şəffaf məlumatlandırma, rəsmi əmək münasibətləri və təhlükəsiz marşrut seçimi bu gün Azərbaycan dənizçilərinin həyatının qorunmasının əsas şərtləridir. Dənizçilərimiz təhlükəsizlik baxımından riskli vəziyyətlərlə üzləşməməli, vasitəçi şirkətlər isə təqdim etdikləri hər bir vakansiyaya yüksək məsuliyyətlə yanaşmalıdırlar.”

İlham Nəsirov bildirib ki, ADDİB bundan sonra da dənizçilərin hüquqlarının müdafiəsi, təhlükəsiz əmək şəraitinin təşviqi, işə qəbul prosesində şəffaflığın artırılması və dənizçilərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

O, həmçinin dənizçiləri işə qəbul zamanı qarşılaşdıqları problemlər, qeyri-şəffaf məlumatlandırma halları və hüquqlarının pozulması ilə bağlı ADDİB-ə müraciət etməyə çağırıb.

Sonda İlham Nəsirov həm vasitəçi şirkətlərə, həm də Azərbaycan dənizçilərinə müraciət edib:

“Əziz dənizçilər, ailəniz sizi sağlam və salamat gözləyir. Heç bir yüksək maaş, heç bir vəd insan həyatından qiymətli deyil. İş seçərkən tələsməyin, araşdırın, suallar verin və yalnız etibarlı şirkətlərlə əməkdaşlıq edin. Bizim ən böyük istəyimiz hər bir Azərbaycan dənizçisinin başladığı səfəri təhlükəsiz başa vuraraq ailəsinə qovuşmasıdır.”

“Bu gün dənizçilərimizin təhlükəsizliyi yalnız onların şəxsi məsələsi deyil. Bu, ailələrinin, işəgötürənlərin, vasitəçi şirkətlərin və bütövlükdə dənizçilik sektorunun ortaq məsuliyyətidir. Gəlin elə qərarlar verək ki, hər bir Azərbaycan dənizçisi başladığı səfəri sağlam və salamat başa vuraraq ailəsinin yanına qayıtsın.”


İlham Rafiq oğlu Nəsirov
“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri

📞 Tel.: +994 55 226 48 99
📧 E-poçt: info@adib.az
🌐 www.adib.az