Rusiya–Ukrayna müharibəsi fonunda dənizçilər üçün artan risklər: Azərbaycan vətəndaşlarına xəbərdarlıq
Denizxeber.az bildirir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir və döyüş əməliyyatları dənizdə də intensiv şəkildə davam etməkdədir. Son dövrlərdə Ukrayna Azov dənizində müxtəlif tipli 100-dən çox Rusiya gəmisini sıradan çıxarıb. Bundan başqa, Ukrayna Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid tankerlərə də zərbələr endirir. Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Louise 1 və Banda tankerilərinə hücum edildiyini açıqlayıb. Rusiya isə öz növbəsində Ukrayna limanlarına istiqamətlənən müxtəlif tipli ticarət gəmilərinə zərbələr endirməkdə davam edir.
Son aylarda həm Rusiya, həm də Ukrayna tərəfindən hücuma məruz qalan gəmilərdə həlak olan Azərbaycan vətəndaşlarının sayının artması ciddi narahatlıq doğurur.
2026-cı il iyunun 5-də səhər saatlarında Azov dənizinin Taqanroq körfəzində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, daha üç nəfər isə yaralanaraq Yeysk şəhərindəki xəstəxanaya yerləşdirilib. Beliz bayrağı altında üzən “Natra” və Palau bayrağı altında üzən “Zirkon” quru yük gəmiləri Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün gedirdi. Hər iki gəmi dörd pilotsuz aparatın hücumuna məruz qalıb. “Natra” zədələnsə də batmayıb və ekipaj yanğını söndürə bilib. “Zirkon” gəmisində isə yanğın baş verib, ekipaj xilasetmə qayıqları ilə gəmini tərk edib və yaxınlıqdakı gəmilər tərəfindən xilas olunub. Hər iki gəmidə ümumilikdə 25 Azərbaycan vətəndaşı olub. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölməsinin komandanı Robert Brovdi (“Madyar”) öz Telegram kanalında Azov dənizindəki bu hücumları təsdiqləyib.
İyulun 7-dən 8-nə keçən gecə Panama bayrağı altında üzən və Türkiyənin NOVA Shipmanagement şirkəti tərəfindən idarə olunan M/V Feofan Shokhirev (IMO: 9094157) yük gəmisi də Azov dənizində hücuma məruz qalıb. Gəmidə yeddi Azərbaycan vətəndaşı çalışırdı. Gəmi zədələnərək manevr imkanını itirsə də, bu dəfə insan itkisi qeydə alınmayıb.
İyulun 14-də isə Rusiya Qara dənizdə Odessa limanına doğru hərəkət edən, Tanzaniya bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus ticarət gəmisinə zərbə endirib. Gəminin kapitanı, Azərbaycan vətəndaşı Saməd Nəsrullayev əvvəlcə itkin düşüb, daha sonra onun cəsədi tapılıb. Gəmidə olan digər 11 azərbaycanlı ekipaj üzvü isə təhlükəsiz şəkildə sahilə təxliyə edilib.
Azərbaycanda beynəlxalq sularda fəaliyyət göstərən müxtəlif tipli gəmilərdə işləyən peşəkar dənizçilərin sayı kifayət qədər çoxdur. Bu sahədə çalışmaq üçün beynəlxalq sertifikatlar tələb olunur və Bakıdakı Azərbaycan Dövlət Dəniz Akademiyası uzun illərdir peşəkar dənizçi hazırlayan nüfuzlu təhsil müəssisəsi kimi tanınır.
Azərbaycanlı dənizçilərin peşəkar hazırlığı xarici krevinq şirkətlərinin də diqqətini cəlb edir. İnternetdə müxtəlif krevinq şirkətlərinin mayeləşdirilmiş qaz (LNG) və neft tankerlərində işləmək üçün Azərbaycan vətəndaşlarını işə dəvət edən çoxsaylı elanlar yerləşdirilir.
Məsələn, iki gün əvvəl Maritime Zone portalında Latviyada fəaliyyət göstərən Lapa LTD şirkətinin LNG tankerində işləmək üçün vakansiyaları dərc olunub. Elana əsasən, əməkhaqqı 4500–4950 ABŞ dolları təşkil edir və seçim zamanı Azərbaycan, Gürcüstan, Ukrayna və Latviya vətəndaşlarına üstünlük verilir.
Ümumilikdə beynəlxalq sularda işləyən ekipaj üzvlərinin işə qəbulu əsasən internet vasitəsilə həyata keçirilir. crewdata.com platformasında hazırda 228 mindən çox vakansiya yerləşdirilib və 130 mindən artıq dənizçi bu resursda qeydiyyatdan keçərək iş elanlarını izləyir.
Araşdırma nəşri The Insider müəyyən edib ki, son illərdə müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər “kölgə donanması”na aid tankerlər üçün minə yaxın vakansiya elan ediblər.
Ekspertlərin fikrincə, krevinq şirkətləri indiyədək əsasən sanksiyalardan kənarda qalsalar da, onlar reputasiya baxımından olduqca həssasdırlar. Çünki bu şirkətlər yüzlərlə dənizçi ilə işləyirlər və əməkdaşlar gələcək karyeralarını riskə atmaq istəmirlər.
Rusiyanın neft ixracının davamlılığında mühüm rol oynayan “kölgə donanması”na müxtəlif qiymətləndirmələrə görə 1800-dək gəmi daxildir. Bu donanmaya xidmət göstərən şirkətlər çox vaxt şəffaf olmayan yurisdiksiyalarda qeydiyyatdan keçdiyindən onlara qarşı beynəlxalq sanksiyaların tətbiqi çətin olur. Belə gəmilərdə peşəkar dənizçilərlə yanaşı, xüsusi xidmət orqanlarının əməkdaşları və keçmiş “Vaqner” özəl hərbi şirkətinin üzvlərinin də olduğu bildirilir.
The Insider 20 mindən çox iş elanını təhlil edərək müəyyən edib ki, onların minə yaxını sonradan beynəlxalq sanksiyalara məruz qalmış, dedveyti 10 min tondan artıq olan “kölgə donanması” gəmilərinə ekipaj toplanması ilə bağlı olub.
Belə gəmilərdə işləmək isə ciddi təhlükə yaradır. Bir tərəfdən ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələr sanksiyaları pozduqlarına görə bu tankerləri saxlayır və ekipaj üzvlərini hüquqi məsuliyyətə cəlb edə bilirlər. Digər tərəfdən isə bu gəmilər Qara dənizdə və hətta ondan kənarda Ukraynanın pilotsuz aparatlarının hədəfinə çevrilə bilər.
Eyni zamanda Rusiyanın maraqlarına xidmət edən və Ukraynanın işğal altında olan dəniz ərazilərinə daxil olan ticarət gəmiləri də mütəmadi hücumlara məruz qalır. Bu isə həmin gəmilərdə çalışan ekipaj üzvlərinin həyatı üçün real təhlükə yaradır.
Qeyd edək ki, Azərbaycan dənizçilərinin iştirakı ilə baş verən insidentlərin artması fonunda Azərbaycan Xarici İşlər Nazirliyi 2026-cı il iyulun 16-da xüsusi bəyanat yayaraq vətəndaşlara hərbi əməliyyatların getdiyi və ya təhlükəsizlik baxımından qeyri-sabit olan bölgələrə səfər etməməyə, həmin ərazilərdə işləməməyə, eləcə də bu marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində əmək fəaliyyətindən çəkinməyə çağırıb.
Nazirlik həmçinin vətəndaşlara rəsmi xəbərdarlıqlara ciddi əməl etməyi və zərurət yarandıqda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlamağı tövsiyə edib.





