Hörmüz boğazında neft tankerlərinə hücumlar nəticəsində qlobal enerji bazarında gərginlik daha da artıb. Hadisələrin fonunda dərhal 5 faiz bahalaşan “Brent” neftinin bareli 97 dollara, “Light” nefti isə 89 dollara qalxıb.
Denizxeber.az bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmilərinin müşayiəti ilə boğazdan keçməyə çalışan bir neft tankerinin idarəetmə mərkəzini partladaraq gəmini ələ keçirib. Gəminin hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmır.
Digər tərəfdən, Yunanıstanın “Dynacom” şirkətinə məxsus və 500 min barel neft daşıması nəzərdə tutulan “Kavomaleas” tankeri də iki mərmi ilə vurulub. Maşın bölməsində yanğın başladığı üçün heyət gəmini tərk edib.
Avropa Kosmik Agentliyinin də təsdiqlədiyi bu insidentlər ABŞ və Avropada yanacağın və istehlak mallarının bahalaşmasına, eləcə də inflyasiyanın artmasına səbəb olub. Ekspertlər gərginlik davam edəcəyi təqdirdə neft qiymətlərinin daha da yüksələcəyini bildirirlər.





