Azərbaycanda dəniz nəqliyyatında sənədləşmənin vahid standart üzrə aparılması, təhlükəsizliyin gücləndirilməsi və liman nəzarətinin daha səmərəli təşkili məqsədilə yeni qaydalar təsdiq edilib.
Denizxeber.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nı təsdiq edib.
Yeni sənədə əsasən, gəmi heyəti üzvlərinin və sərnişinlərin siyahısının uçotu müəyyən olunmuş vahid forma üzrə aparılmalıdır. Heyət siyahısı birbaşa gəmi kapitanı tərəfindən tərtib edilməli, buraya gəminin adı, IMO nömrəsi, bayraq dövləti, səfər marşrutu ilə yanaşı, hər bir dənizçinin şəxsi məlumatları və şəxsiyyətini təsdiq edən sənədlər daxil edilməlidir. Sərnişin siyahısında isə şəxsiyyət və viza məlumatları, müvəqqəti və ya daimi yaşama icazəsi, eləcə də minmə-enmə limanları dəqiq göstərilməlidir.
Qaydalar, həmçinin gəmi, radio və maşın jurnallarının aparılmasına dair tələbləri tənzimləyir. Bu jurnallarda gəminin istismarı, texniki vəziyyəti, radioəlaqə əməliyyatları və mühərrik bölməsində baş verən hadisələr ardıcıl şəkildə qeydə alınacaq. Yeni qaydaların tətbiqi Azərbaycan bayrağı altında üzən gəmilərdə təhlükəsizlik və nəzarət sistemini beynəlxalq dənizçilik normalarına daha da uyğunlaşdırmağa xidmət edir.





