Hər il iyulun 30-u beynəlxalq ictimaiyyət tərəfindən Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Denizxeber.az bildirir ki, bu təqvim günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2013-cü ildə qəbul edilmiş qətnaməyə əsasən təsis olunub. Məqsəd insan alveri qurbanlarının hüquqlarını təşviq etmək və ictimai məlumatlılığı artırmaqdır.
Beynəlxalq Əmək Təşkilatının statistikasına əsasən, dünyada 21 milyondan çox insan məcburi əməyin qurbanıdır. Məcburi əmək və insan alverinin ən geniş yayıldığı bölgələr sırasına Yaxın Şərq və Afrika daxildir.
Son dövrlərdə transmilli cinayətkar qrupların xaricdə qanuni iş vədi verərək insanları cəlb etməsi və onları onlayn maliyyə fırıldaqçılığı mərkəzlərində məcburi cinayət fəaliyyətinə cəlb etməsi insan alverinin yeni və təhlükəli formalarından birinə çevrilib. Bu səbəbdən də builki Beynəlxalq Gün “Dələduzluğun arxasında tələyə düşənlər” mövzusuna həsr olunub.
Qeyd edək ki, BMT insan alverinə qarşı mübarizə və qurbanlara dəstək məqsədilə “Mavi Ürək” (Blue Heart) adlı qlobal təşəbbüsü və Xüsusi Etimad Fondunu həyata keçirməkdədir.





