Ekspert Transxəzər marşrutunun əhəmiyyətini vurğulayır

126

Qazaxıstanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Böyük Britaniyaya yeni ixrac marşrutu açması bu dəhlizin beynəlxalq yükdaşımalarda artan strateji rolunu bir daha nümayiş etdirir.

Denizxeber.az bildirir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, Ekibastuzdan yola salınan mineral gübrələrin Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə dəniz və dəmir yolu vasitəsilə Böyük Britaniyanın Felikstou limanına çatdırılması Orta Dəhlizin etibarlılığını təsdiqləyir. Əvvəllər marşrut üzrə əsasən konteyner və sənaye məhsulları daşınırdısa, artıq gübrə, kənd təsərrüfatı və ərzaq xammalı kimi strateji yüklərin də nəqli bu xəttin qlobal qida təhlükəsizliyindəki rolunu ön plana çıxarır.

R.Ağamirzəyev vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, modern dəmir yolu şəbəkəsi və çevik tranzit siyasəti Azərbaycanı dəhlizin əsas logistika mərkəzinə çevirib. Aİ, Çin, ABŞ və Türkiyənin diqqət mərkəzində olan Orta Dəhlizdə infrastruktura edilən investisiyalar və rəqəmsallaşma sayəsində 2030-cu il üçün proqnozlaşdırılan 11 milyon tonluq yük dövriyyəsinin daha üst səviyyəyə çatacağı gözlənilir.