Rusiyanın ən dağıdıcı silahlarından biri hesab edilən “Poseidon” pilotsuz sualtı nüvə aparatı yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə düşüb.
Denizxeber.az bildirir ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) eksperti Aleksandr Stepanov “Poseidon” aparatını Rusiyanın ən dağıdıcı strateji çəkindirici vasitəsi kimi qiymətləndirib. Ekspert bildirib ki, dünya okeanlarında döyüş növbətçiliyində olan bir neçə “Poseidon” daşıyıcısı potensial rəqib ölkələrin böyük hissəsini hədəf almağa qadirdir. Nüvə başlıqlı torpedanın tətbiqi nəticəsində yaranacaq güclü sunamilər sahilyanı iri şəhərlərə bərpaolunmaz ziyan vura bilər.
Qeyd edək ki, Böyük Britaniyanın “Daily Express” nəşri Rusiya Prezidenti Vladimir Putinin bu layihə üzrə işlərin başa çatması ilə bağlı açıqlamasını Qərbə xəbərdarlıq kimi dəyərləndirib. Bir qədər əvvəl isə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev ölkənin artıq “Poseidon” aparatının daşıyıcısına malik olduğunu bəyan edib.





