Transxəzər layihəsi Avropa ilə Asiya arasında əlaqəni gücləndirəcək

219

İxtisaslaşdırılmış kabelçəkən gəmi Bakı portundan ayrılaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin (TFX) dənizaltı hissəsinin çəkilişinə start verib.

Denizxeber.az-ın Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla verdiyi məlumata görə, əlverişli hava şəraitində sualtı kabelin çəkilişi 15-20 gün ərzində yekunlaşacaq.

Çində istehsal edilərək sınaqdan keçirilən zirehli optik kabel Kurık və Bakı limanları vasitəsilə gəminin göyərtəsindəki xüsusi rezervuara tam yüklənib. Dəniz işlərinə 20 min tondan çox su tutumu olan və dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşdırılmış gəmi cəlb olunub. Göyərtədə 70 nəfərlik heyət, texniki nəzarət mütəxəssisləri və “Kazakhtelecom”un nümayəndələri fəaliyyət göstərir.

Strateji layihə Qazaxıstanın “Kazakhtelecom” SC və Azərbaycanın “AzerTelecom International” şirkətlərinin təsis etdiyi “CaspiLink B.V.” birgə müəssisəsi tərəfindən icra olunur. İşlərə başlamazdan əvvəl dənizdə mühəndislik araşdırmaları aparılıb, lövbər dayanacaqları və hərbi zonaları kənardan keçən marşrut müəyyənləşdirilərək ekoloji icazələr alınıb. Kabelin Azərbaycan və Qazaxıstan sahil hissələri artıq birləşdirilib və sınaqdan keçirilib.

Qeyd edək ki, Asiya və Avropa arasında rəqəmsal ipək yolu rolunu oynayacaq Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək tam istismara verilməsi planlaşdırılır.