Təhlükəsizlik tədbirləri

68

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına qarşı bərpa edilən dəniz blokadasının icrası ilə bağlı son statistik göstəriciləri açıqlayıb.

Denizxeber.az-ın CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi məlumatına istinadla verdiyi xəbərə görə, iyulun 31-nə olan vəziyyətə əsasən, ABŞ hərbi dəniz qüvvələri blokada rejimini təmin etmək məqsədilə 30 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 2 gəmini sıradan çıxarıb və 2 gəmiyə isə baxış keçirərək onları ələ keçirib.

CENTCOM bildirir ki, dəniz blokadasına baxmayaraq, mülki əhalinin ehtiyacları üçün humanitar yardım daşıyan təxminən 30 gəminin zolaqdan keçidinə xüsusi icazə verilib. Qeyd edək ki, ABŞ dəniz blokadasına tam riayət olunmasını nəzarətdə saxlamaq üçün Yaxın Şərq regionunda 20-dən çox hərbi gəmi yerləşdirib.

Xatırladaq ki, Yaxın Şərqdə gəmiçiliyin təhlükəsizliyi və Hörmüz boğazında yaranan gərginlik fonunda ABŞ İranın dəniz limanlarına tətbiq etdiyi dəniz blokadasını iyulun 14-dən etibarən yenidən bərpa edib.