Polşalı uzun məsafə üzgüçüsü Bartlomey Kubkovski (Bartłomiej Kubkowski) dənizçilik və idman tarixinə düşəcək misilsiz uğura imza atıb. O, Baltik dənizini İsveçdən Polşaya qədər üzərək keçən ilk insan olub.
Denizxeber.az bildirir ki, Kubkovski iyulun 31-də İsveç sahillərindən (Koseberqa ərazisi) start götürüb. O, təxminən 55-56 saatlıq fasiləsiz mübarizədən sonra, avqustun 2-də axşam saatlarında Polşanın Dzivnuv çimərliyinə çatmaqla 160 kilometrdən çox dəniz məsafəsini geridə qoyub.
Gəmiyə toxunmadan, yatmadan 160 kilometr
Hərəkət zamanı açıq dənizin çətin hava şəraiti, güclü axınlar və soyuq su ilə qarşılaşan üzgüçü marşrut boyu ciddi beynəlxalq qaydalara əməl edib. Bütün bu müddət ərzində onu müşayiət edən təhlükəsizlik qayığına toxunmaq, sudan çıxmaq və ya yatmaq qəti qadağan olunub. İdmançının qidalanması və su təminatı yalnız qayıqdan xüsusi borular vasitəsilə həyata keçirilib.
Bu, Kubkovskinin Baltik dənizini keçmək üçün reallaşdırdığı beşinci cəhdi olub. İdmançı daha əvvəlki dörd cəhdində fırtına, güclü dəniz axınları və fizioloji tükənmə səbəbindən finişə az qalmış yürüşü dayandırmaq məcburiyyətində qalmışdı.
Xərçənglə mübarizə aparan uşaqlar üçün xeyriyyə marafonu
Kubkovskinin “Ultra Baltic Swim” layihəsi çərçivəsində reallaşdırdığı bu çətin yürüş eyni zamanda böyük xeyriyyə missiyası daşıyıb. Bütün üzgüçülük marafonu “Cancer Fighters” fondunun himayəsində olan və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara həsr olunub. İdmançının bu addımı sayəsində fond üçün 700 min zlotidən (təxminən 165 min avro) çox iynə toplanıb.
Açıq dənizdəki bu rekorddan əvvəl Baltik dənizini daha qısa marşrut üzrə başqa bir polşalı üzgüçü Sebastyan Karaş keçmişdi. Karaş 2017-ci ildə Polşanın Kolobjeq sahilləri ilə Danimarkanın Bornholm adası arasındakı 100 kilometrlik dəniz məsafəsini 28 saat 30 dəqiqəyə qət etmişdi. Kubkovskinin nəticəsi isə həm qət edilən məsafə, həm də çətinlik dərəcəsinə görə Baltik akvatoriyasında indiyədək qeydə alınan ən böyük fərdi dəniz yürüşü hesab olunur.





