Qlobal həmrəylik

153

Hər il avqustun 9-u BMT Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi müvafiq qətnaməyə əsasən Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur. Məqsəd yerli xalqların mədəni irsinə hörmət göstərmək və onların üzləşdiyi sosial-iqtisadi problemlərə qlobal diqqəti cəlb etməkdir.

Denizxeber.az bildirir ki, hazırda dünyada 90 ölkədə yaşayan təxminən 476 milyon yerli xalq nümayəndəsi var. Onlar planet əhalisinin 6 faizini təşkil etsələr də, qlobal yoxsulluq həddində yaşayan insanların 15 faizi məhz onların payına düşür.

2007-ci il sentyabrın 13-də qəbul olunmuş Yerli Xalqların Hüquqları haqqında Bəyannaməyə əsasən, hər hansı xalqın yerli xalq sayılmasının əsas meyarı onun özünü yerli xalq hesab etməsidir. Bəyannamə onların azadlıq, öz dilini və mədəniyyətini qoruma, torpaq və resurslara sahiblik hüquqlarını tanıyır.

BMT-nin qərarı ilə 2019-cu il “Yerli Xalqların Dilləri üzrə Beynəlxalq İl” elan edilib, 2022-ci ildən isə UNESCO-nun strateji yol xəritəsi əsasında “Yerli Xalqların Dilləri üzrə Onillik” (2022–2032) start götürüb.

Pandemiya və qlobal böhranlar yerli xalqların sosial-iqtisadi təcrid olunması problemini daha da kəskinləşdirib. Bu səbəbdən BMT beynəlxalq ictimaiyyəti daxilredici sosial müqavilələrin qurulmasına və yerli xalqların qərarqəbuletmə proseslərinə inteqrasiyasına çağırır.