Yunanıstanın Krit adasının şimal-şərqində yerləşən Ajos-Nikolaos liman şəhərində israilli turistləri daşıyan “Crown Iris” kruiz gəmisinin limana yanaşmasına qarşı yerli sakinlərin iştirakı ilə etiraz aksiyası keçirilib.
Denizxeber.az bildirir ki, onlarla şəhər sakini və fəal liman ərazisində toplanaraq Fələstinə dəstək şüarları səsləndiriblər.
Aksiya iştirakçıları israilli turistlərin Ajos-Nikolaos şəhərində və liman akvatoriyasında arzuolunmaz olduqlarını bəyan ediblər.
Yunanıstanın mərkəzi KİV-lərində aksiya haqqında məlumatlar demək olar ki, tamamilə işıqlandırılmayıb.
Etirazçıların “Crown Iris” gəmisinin yan almalı olduğu körpüyə (pier) keçməyə cəhd edib-etmədikləri və ya Sahil Mühafizə xidmətinin müdaxilə edib-etmədiyi barədə dəqiq təfərrüatlar verilmir.
Yaxın Şərqdə davam edən hərbi-siyasi böhran fonunda Aralıq dənizi limanlarında İsrail bayrağı altında üzən və ya israilli turistləri daşıyan kruiz gəmilərinə qarşı bu cür etiraz halları artmaqdadır.





