Ekoloji təmiz yanacaq

81

Hər il avqustun 10-da diqqəti alternativ yanacaq növlərinə və bərpaolunan enerji imkanlarına çəkmək məqsədilə Beynəlxalq Biodizel Günü qeyd olunur.

Denizxeber.az bildirir ki, bu əlamətdar tarix alman mühəndisi Rudolf Dizelin 1893-cü il avqustun 10-da Auqsburqda öz mühərrik prototipini ilk dəfə işə salması şərəfinə təsis edilib. Mütəxəssislər bildirirlər ki, Rudolf Dizelin təcrübəsi bioyanacaq ideyasının əsasını qoysa da, müasir biodizel istehsal texnologiyası daha sonrakı dövrlərdə formalaşıb.

Biodizel bitki (raps, soya, xurma) və heyvan yağlarından, eləcə də tullantı mətbəx yağlarından istehsal olunur. Qazıntı yanacaqlarından asılılığı və zərərli tullantıların həcmini azaltmaqla yanaşı, təbiətdə bioloji olaraq parçalanma qabiliyyətinə malikdir.

İstehsal üçün böyük kənd təsərrüfatı və torpaq sahələri tələb olunur, həmçinin aşağı temperaturlarda yanacağın effektivliyi azala bilir. Bioyanacaq hazırda nəqliyyat vasitələrində həm təmiz şəkildə, həm də ənənəvi dizel ilə qarışıq formada tətbiq edilir.

Hazırda təmiz bioenerji istehsalı ABŞ, Braziliya, Yaponiya, Çin, Hindistan və Kanada daxil olmaqla 48 ölkədə fəal şəkildə inkişaf edir. Avropa İttifaqında runsal xammaldan biodizel istehsalına 1992-ci ildən başlanılıb və keçən dövr ərzində ümumi gücü 22 milyon ton olan 245 biodizel zavodu istifadəyə verilib.