Milli poeziyamızın ustadı

93

Avqustun 16-da Azərbaycan poeziyasının azadlıq və müstəqillik məşəli, böyük mütəfəkkir və Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Denizxeber.az bildirir ki, 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olan şair milli azadlıq hərəkatının ideoloji öncüllərindən biri, eləcə də müasir Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olub.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeiri ilə başlayan şair Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib, uzun illər orada professor kimi çalışıb. AMEA-nın həqiqi üzvü ( akademik) seçilib.

1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini ilk dəfə açıq şəkildə dile gətirib. Bu əsərə görə 1962-ci ildə “millətçi” damğası ilə universitetdən xaric edilib, yalnız iki il sonra işinə bərpa oluna bilib.

“İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” kimi mənzum pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük uğurla tamaşaya qoyulub.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 20-dən çox poemanın, 2 monoqrafiyanın və yüzlərlə publisistik məqalənin müəllifidir. Əsərləri ingilis, fransız, alman, fars, türk, ispan və s. dillərə tərcümə olunub.

1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Ali Sovetin və müstəqil Azərbaycanın Milli Məclisinin (1995 və 2000-ci illər) deputatı seçilib.

Xalqın milli şüurunun oyanmasında, ana dilinin və azadlıq ideyalarının təbliğində misilsiz xidmətləri olan Xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də Bakı şəhərində vəfat edib.