Görkəmli dövlət xadimi və ziyalı

133

Avqustun 16-da Azərbaycanın tanınmış dramaturqu, şairi, ədəbiyyatşünas alimi və ictimai-siyasi xadimi Şıxəli Qurbanovun anadan olmasının növbəti ildönümüdür.

Denizxeber.az bildirir ki, 1925-ci ildə Bakıda dünyaya göz açan Şıxəli Qurbanov İkinci Dünya müharibəsində Leninqraddan Almaniyayadək şərəfli döyüş yolu keçib, müharibədən sonra isə elmi və ədəbi-ictimai fəaliyyəti ilə xalqın yaddaşında silinməz iz qoyub.

Müharibədə göstərdiyi igidliyə görə “İgidliyə görə”, “Köniqsberqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Müharibədən sonra 1956-cı ildə “Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

“Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Sənsiz” pyeslərinin, “Bahadır və Sona” librettosunun, eləcə də teatr səhnələrində böyük anşlaqla nümayiş olunan “Milyonçunun dilənçi oğlu” komediyasının müəllifidir.

Sovet rejiminin sərt qadağalarına baxmayaraq, Şıxəli Qurbanov 1967-ci ildə Azərbaycanda ilk dəfə Novruz bayramının dövlət səviyyəsində rəsmi keçirilməsinə nail olub.

1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb, həmçinin “Lenin” ordeni ilə təltif edilib.

Milli əqidəsi və fəaliyyətinə görə dəfələrlə təzyiqlərlə üzləşən Ş.Qurbanov 1967-ci il mayın 23-də “Sənsiz” pyesinin ictimai baxışını tərk edərkən aktyorlara dediyi xəbərdarlıq dolu misralarla yadda qalıb: “Gedirəm, əgər gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”.

Həmin gün diş həkimində vurulan iynədən sonra 42 yaşlı Şıxəli Qurbanov qəflətən dünyasını dəyişib.

Görkəmli xadim Fəxri xiyabanda dəfn olunub, Bakının mərkəzi küçələrindən birinə onun adı verilib.