Avqustun 18-i Azərbaycan Respublikasında Sərhədçilərin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün müasir və qüdrətli Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür.
Denizxeber.az bildirir ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində təsis edilən Sərhəd Qoşunları ulu öndər Heydər Əliyevin 2000-ci il 18 avqust tarixli Fərmanı ilə peşə bayramı kimi rəsmiləşdirilib. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə sərhəd mühafizəsi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
2018-ci il fevralın 22-də Qusar rayonunun Zuxul kəndində Azərbaycan-Rusiya dövlət sərhədində ilk rəsmi sərhəd nişanının quraşdırılması ilə müstəqillik tarixində ilk dəfə dövət sərhədinin dəqiq müəyyənləşdirilməsi prosesinə başlanılıb.
Prezident İlham Əliyevin 2007-ci il Sərəncamı ilə DSX Akademiyası yaradılıb, 2008-ci ildən kadrların peşəkar hazırlanmasına başlanılıb. 2018-ci ildən etibarən Ali Baş Komandanın tapşırığı ilə Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətindəki döyüş postları DSX tərəfindən təhvil alınaraq etibarlı mühafizəyə götürülüb.
44 günlük Vətən müharibəsində DSX-nin şəxsi heyəti Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini və Şuşa şəhərini azad edərək Xudafərin körpüsündə və sərhəd boyu dövlət bayrağımızı ucaldıb. Füzulidən sərhədədək 24 saat ərzində 105 km məsafədə darmadağınedici hücum təşkil olunub.
DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” PUA-larının yüksək dəqiqliklə tətbiqi nəticəsində düşmənin 290 strateji hədəfi, zenit-raket kompleksləri, tankları və komanda idarəetmə məntəqələri məhv edilib. Zəfərdən sonra azad olunmuş ərazilərdə 20-yə yaxın yeni hərbi hissə və müasir sərhəd zastavaları istifadəyə verilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı son sərəncamlarla dövlət sərhədinin mühafizəsində, ərazi bütövlüyünün qorunmasında və xidməti tapşırıqların yerinə yetirilməsində fərqlənən DSX-nin 131 əməkdaşı ali rütbə, orden və medallarla təltif edilib. Bu gün Azərbaycan sərhədçisi havada, suda və quruda ölkəmizin hüdudlarını ayıq-sayıqlıqla qorumağa davam edir.





