Qara dənizdə, Novorossiysk limanı yaxınlığında kommersiya gəmiçiliyinə qarşı hücumlar kəskin şəkildə intensivləşib. Yunanıstanın “Proto Thema” qəzeti avqustun 17-də axşam saatlarında Yunanıstan şirkətlərinə məxsus daha iki ticarət gəmisinin zərbələrə məruz qaldığını bildirib.
Denizxeber.az bildirir ki, baş verən ardıcıl insidentlər Rusiyanın ən mühüm ixrac mərkəzlərindən biri olan Novorossiysk rayonunda dəniz təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Liberiya bayrağı altında üzən və “Neptune Tradebulk Inc.” şirkətinə məxsus yüksüz gəmi taxıl yükləmək üçün Novorossiyskə doğru hərəkət edərkən portdan 20 dəniz mili məsafədə vurulub. Mərmi zərbəsi və ardınca 5 PUA hücumu nəticəsində gəmidə güclü partlayış və yanğın baş verib, gəmi demək olar ki, tamamilə sıradan çıxıb.
Gəminin 21 nəfərlik ekipajı (20 filippinli dənizçi və 1 rumıniyalı kapitan) gəmini tərk edərək yaxınlıqda olan Yunanıstana məxsus digər “Elina B” gəmisi tərəfindən xilas edilib.
“ANNA S” gəmisinin ekipajını göyərtəsinə alan “Elina B” gəmisi cəmi 5 saat sonra özü də hücuma məruz qalıb. 2 PUA zərbəsinə baxmayaraq, 20 nəfərlik şəxsi heyəti olan gəmi təxminən 9,5 düyün sürətlə Türkiyə limanına doğru hərəkətini davam etdirə bilib.
Yunanıstanın “Skai” telekanalının məlumatına görə, bundan bir gün əvvəl — avqustun 16-da isə Qara dənizdə Rusiya nefti yükləyən Yunanıstanın “Skiros” neft tankerinə Ukraynaya məxsus PUA zərbə endirmişdi. Novorossiysk ətrafında ard-arda baş verən bu insidentlər regionda kommersiya və mülki gəmiçilik üçün risklərin ən yüksək həddə çatdığını göstərir.





