Dənizdə insanpərvərlik

96

Meksikanın Aşağı Kaliforniya ştatında, Sedros adası yaxınlığında balıqçı gəmisinin heyəti okeanın ortasında ölüm-qalım mübarizəsi aparan iti xilas edərək sahibinə təhvil verib.

Denizxeber.az bildirir ki, bu barədə balıqçılıq və dəniz ekskursiyalarının təşkili üzrə ixtisaslaşmış “Tag Cabo Sportfishing” şirkəti özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Səhər saat 06:00 radələrində limandan yola düşən balıqçı qayığının heyəti günəş doğarkən sahildən təxminən bir kilometr aralıda dənizdə hərəkət edən canlı fərq edib. Yaxınlaşarkən bunun boynunda xalta olmayan, taqətdən düşmüş və istiqamətini itirmiş açıq-qəhvəyi rəngli it olduğu məlum olub. Kapitan dərhal mühərriki söndürərək heyvanı qayığa tərəf cəlb edib və heyətlə birlikdə onu sudan çıxarıblar.

Qayıqda su, yemək və ilkin yardım göstərildikdən sonra it özünə gəlib və bir neçə saatlıq səfər boyunca ekipajın gözlənilməz “üzvünə” çevrilib. Sedros adasının körpüsünə qayıtdıqda isə sahildəki şəxslərdən biri iti tanıyıb. Sahibini görən it dərhal ona tərəf qaçaraq sağ-salamat evinə qayıdıb. “Tag Cabo Sportfishing” şirkəti sosial şəbəkədə hadisəyə şərh verərək bildirib: “Bəzən günün ən yaxşı ovu balıq olmur. Onu vaxtında görən və dərhal müdaxilə edən kapitanımıza dərin hörmətimizi bildiririk”.