Yaxın Şərqdə geostrateji gərginlik və dəniz təhlükəsizliyi risklərinin artması fonunda Qərbi Asiyadan neft çıxarılmasına tələbat kəskin yüksəlib. Nəticədə neft tankerlərinin qiymətləri və illik fraxt (icarə) dərəcələri 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Denizxeber.az-ın “Financial Times” nəşrinə istinadən verdiyi məlumata görə, bu göstəricilər Böyük Britaniyanın “Braemar” gəmi brokeri tərəfindən qeydə alınıb.
Ən böyük tanker sinfində (VLCC – supertankerlər) yeni və müasir işlənmiş gəmilərin dəyəri son rübdə 130 milyon dolları keçib. Eyni zamanda supertankerlərin illik icarə qiymətləri də tarixi maksimuma çatıb. Neft ixrac edən ölkələr (xüsusən BƏƏ, Səudiyyə Ərəbistanı və İraq) tədarükün kəsilməməsi üçün ikinci əl gəmiləri sürətlə satın alaraq öz donanmalarını genişləndirməyə çalışırlar.
“Braemar” şirkətinin alqı-satqı bölməsinin rəhbəri Devid Holland bildirib ki, gəmi aktivləri üzərində birbaşa fiziki nəzarət sahibi olmaq Yaxın Şərq ixracatçıları üçün həyati strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, ABŞ hərbçilərinin Yaxın Şərqdəki koordinatorlar qrupu vasitəsilə tankerlərin Ərəbistan dənizindən Hörmüz boğazı ilə Fars körfəzinə təhlükəsiz daxil olmasını, region ölkələrində neft yükləməsini və ərazidən maneəsiz çıxmasını təmin etmək üçün qırıcıların müşayiəti ilə xüsusi hərəkət marşrutu yaratdığı bildirilir.





