Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu və Asiya İnkişaf Bankının (ADB) birgə tədqiqatında Azərbaycanın nəqliyyat və logistika sektorunda həyata keçirdiyi infrastruktur və institusional islahatlar yüksək qiymətləndirilib.
Denizxeber.az bildirir ki, tədqiqatda Orta Dəhlizin (TBNM) rəqabət qabiliyyətini artırmaq üçün pərakəndə İT sistemlərindən vahid milli rəqəmsal ekosistemə keçidin vacibliyi vurğulanır.
“Bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək platformanın işə salınması sürətləndirilməlidir. Sistem Bakı Limanı, ADY, ASCO, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin resurslarını avtomatlaşdırılmış şəkildə inteqrasiya etməlidir. Qanunvericiliyin Aİ-nin eFTI standartlarına uyğunlaşdırılması, e-CMR (avtomobil), e-SMGS (dəmir yolu) elektron qaimələrinin və BMT-nin multimodal etalon məlumat modelinin (UN/CEFACT MMT RDM) tammiqyaslı tətbiqi tövsiyə edilir. TBNM üzrə yük və konteynerlərin fasiləsiz peyk/rəqəmsal izlənilməsi sistemi qurulmalı, Gürcüstan, Qazaxıstan, Türkiyə və Aİ ilə elektron rəqəmsal imzaların qarşılıqlı tanınması (TTP mexanizmi) təmin edilməlidir.
Ekspertlərin fikrincə, Orta Dəhlizin Azərbaycan hissəsinin “rəqəmsal əkizinin” yaradılması gömrükdə fiziki yoxlamaları və kağız sənəd dövriyyəsini minimuma endirəcək, sərhədkeçmə vaxtını 2-3 dəfə azaldacaq. Bu da Asiya və Avropa arasında artan yük axınının Transxəzər marşrutuna cəlb edilməsində həlledici rol oynayacaq.





