İran region ölkələrini xəbərdar etdi: “Fars körfəzindən bir damla neft çıxmasına imkan verməyəcəyik”

129

İran Fars körfəzi və Hörmüz boğazı vasitəsilə neft daşımaları həyata keçirən tanker gəmilərinə qarşı zərbələr endirə biləcəyini açıqlayıb.

Denizxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Möhsün Rəzayi bildirib.

Onun sözlərinə görə, İran yalnız Hörmüz boğazında deyil, Fars körfəzindən neft daşınmasında istifadə olunan digər dəniz marşrutlarında da tankerlərə zərbə endirməyə hazırdır. “Biz nəinki Hörmüz boğazından, hətta Fars körfəzindən belə bir damla neftin çıxarılmasına imkan verməyəcəyik”, – deyə Rəzayi bildirib. AMTŞ katibi qeyd edib ki, əgər region ölkələri ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləsələr, Tehran bu cür tədbirlərə əl atmağa hazırdır.

Rəzayinin sözlərinə görə, belə bir addım İranın öz maraqlarına da zərər vura bilər. İran rəsmisi regiondakı dost ölkələri ABŞ ilə müttəfiqlik etməkdən çəkinməyə çağırıb. Bu açıqlama fonunda Hörmüz boğazı və Fars körfəzində tanker daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin daha da artması ehtimalı yaranır. Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.