Tranzit dəhlizində yeni imkanlar

104

Sentyabrın 7-8-də Gürcüstanın Batumi şəhərində regional və qlobal dənizçilik sənayesinin mühüm tədbirlərindən biri hesab olunan “Gürcüstan Beynəlxalq Dənizçilik Forumu-2026” (GIMF 2026) təşkil olunacaq.

Denizxeber.az-ın Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinə istinadən verdiyi məlumata görə, tədbir Gürcüstan Baş nazirinin himayəsi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi və Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə 40 ölkədən 400-dək nümayəndənin iştirakı gözlənilir. Forumda müxtəlif ölkələrin nəqliyyat nazirləri, dəniz administrasiyalarının rəhbərləri, beynəlxalq nəqliyyat-logistika təşkilatlarının baş katibləri, beynəlxalq maliyyə institutlarının, özəl müəssisələrin və akademik dairələrin nümayəndələri bir araya gələcək. Forumun əsas prioritetlərindən biri Qara dəniz akvatoriyası üzərindən Orta Dəhlizin tranzit potensialının nümayiş etdirilməsi və regional nəqliyyat bağlantılarının qlobal səviyyədə gücləndirilməsi olacaq.

Tədbir çərçivəsində dayanıqlı dəniz nəqliyyatı, dənizçilikdə rəqəmsal innovasiyalar, dövlət-özəl tərəfdaşlığı (PPP) və regional logistika inteqrasiyası istiqamətində geniş müzakirələr aparılacaq. 2016-cı ildən etibarən keçirilən GIMF forumu Gürcüstanın Qara dənizdə əsas dəniz və tranzit habı kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.