Qlobal iqlim təhlükəsi

114

“The Wall Street Journal” nəşrinin İndiana və Miçiqan universitetlərinin alimlərinin tədqiqatlarına istinadən verdiyi məlumata görə, Sakit Okeanda suyun temperaturunun kəskin artması ilə müşahidə olunan “El-Nino” təbii hadisəsi qlobal iqtisadiyyat üçün ağır fəsadlar törətmək riskinə malikdir.

Denizxeber.az bildirir ki, okean səthində rekord temperatur hədlərinin qeydə alınması qlobal istiləşməni sürətləndirməklə yanaşı, xüsusilə tropik ölkələrin iqtisadiyyatına ciddi zərbə vurur.

İndiana Universitetinin alimi Kristofer Kallahanın araşdırmasına əsasən, “El-Nino”nun törətdiyi quraqlıq, daşqınlar və kənd təsərrüfatı zərər-ziyanı tropik ölkələr başda olmaqla qlobal iqtisadiyyata trilyonlarla dollar həcmində ziyan vurmaq potensialındadır. Hadisə dəniz daşımalarına birbaşa təsir edir. Güclü quraqlıq səbəbindən Panama kanalını şirin su ilə təchiz edən Qatun gölündə suyun səviyyəsi kəskin aşağı düşüb. Bu səbəbdən kanal operatoru gündəlik keçən gəmilərin sayını və yük limitini azaltmağa məcbur olub.

Miçiqan Universitetinin tədqiqatına görə, “El-Nino” meyillərinin intensivliyi son 40 ildə 40% artıb və cari minillik üçün pik həddə çatıb. Sakit Okeanın mərkəzi və şərqində suların kəskin istiləşməsi “El-Nino”, soyuması isə “La-Nina” adlanır. Bu iki təbii hadisə bir neçə ildən bir növbələşərək küçə və atmosfer küləklərinin istiqamətini dəyişir, nəticədə bəzi regionlarda quraqlıq, digərlərində isə dağıdıcı yağıntılar yaratdıqlarına görə dünya iqlimini tənzimləyən ana faktor sayılırlar.