Dəqiq koordinatların təsbiti

55

Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən “ALSU” gəmisi ilə toqquşduqdan sonra batan “Tuğberk İmamoğlu” gəmisinin qalıqlarının yeri dəqiqləşdirilib.

Denizxeber.az bildirir ki, “Haber Global”ın məlumatına görə, gəminin qalıqları qəza yerindən təxminən 50 metr məsafədə, 720 metr dərinlikdə aşkarlanıb.

Qalıqların “Tuğberk İmamoğlu” gəmisinə aid olduğunun qəti şəkildə müəyyənləşdirilməsi üçün əraziyə ROV (uzaqdan idarə olunan sualtı aparat) endirilib. Sualtı görüntüləmə aparan ROV vasitəsilə qalıqların üzərində “Tuğberk İmamoğlu” yazısı görüntülənib.

Beləliklə, sonar skanları əsasında müəyyən edilən batmış gəmi qalıqlarının məhz “Tuğberk İmamoğlu” gəmisinə aid olduğu təsdiqlənib.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Akın” xilasetmə və dəstək gəmisi qəzanın ilk günündən ərazidə fəaliyyət göstərir və daha əvvəl batmış gəminin yerinin müəyyən edildiyini açıqlamışdı.

Qəza zamanı “Tuğberk İmamoğlu” gəmisində olan 10 nəfərlik heyətin taleyi isə hələ də məlum deyil. Onların axtarışı ilə bağlı xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, sentyabrın 2-də Kocaelidən Aliağaya doğru hərəkət edən Türkiyə bayraqlı “ALSU” ticarət gəmisi ilə İskenderun limanından Karadeniz Ereğliyə istiqamətlənən “Tuğberk İmamoğlu” ticarət gəmisi toqquşub. Toqquşmadan sonra “Tuğberk İmamoğlu”nun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.

Hadisə ilə bağlı İstanbulun Silivri Prokurorluğunda aparılan istintaq çərçivəsində iki nəfər həbs edilib.

Məlumata görə, “ALSU” gəmisinin aşpazı istisna olmaqla, 10 nəfərlik heyətin 9 üzvü şübhəli qismində dindirilib. İfadələri gəmidə alınan altı şübhəli hakim qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə “ALSU” gəmisinin birinci və üçüncü kapitanları barəsində həbs qətimkan tədbiri, digər dörd şəxs barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.

Hadisə ilə bağlı istintaq və “Tuğberk İmamoğlu” gəmisinin 10 heyət üzvünün axtarışları davam etdirilir.