4 ay davam edən gizlilik

109

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının minalardan təmizlənməsi məqsədilə dörd ay davam edən gizli əməliyyat həyata keçirib.

Denizxeber.az bildirir ki, bu barədə “Financial Times” (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, əsas beynəlxalq dəniz marşrutlarından biri olan Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ABŞ HDQ xüsusi təyinatlı qüvvələrin tərkibində olan dalğıcları, robotlaşdırılmış katerləri və xüsusi sualtı aparatları əməliyyata cəlb edib.

Əməliyyat zamanı gecə saatlarında hava ilə doldurulan qayıqlardan istifadə edən kiçik mühəndis-istehkamçı qrupları minaların axtarışını həyata keçirib. Aşkar edilən minaların üzərinə partlayıcı qurğular yerləşdirilərək onlar zərərsizləşdirilib.

Bildirilib ki, dörd ay davam edən gizli əməliyyat nəticəsində şəxsi heyət arasında itki qeydə alınmayıb.

Hörmüz boğazı dünya üzrə neft və digər enerji daşıyıcılarının daşınması üçün ən mühüm dəniz marşrutlarından biri hesab olunur. Bu səbəbdən boğazda gəmiçilik təhlükəsizliyinin təmin edilməsi qlobal enerji təchizatı baxımından xüsusi əhəmiyyət daşıyır.