Strateji su yolunda yeni tənzimləmə

54

İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçid üçün razılaşdırılmış yeni gəmiçilik dəhlizi barədə rəsmi məlumat açıqlayacaq.

Denizxeber.az bildirir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

İran dövlət mediasının Rezainin açıqlamasından gətirdiyi sitata görə, Tehran və Maskat arasında İranın nəzarətində olacaq yeni beynəlxalq dəhlizin yaradılması ilə bağlı razılıq əldə olunub.

“İran tərəfindən idarə olunan yeni beynəlxalq dəhliz omanlı qardaşlarımızla razılaşdırılıb və yaxın günlərdə bu barədə rəsmi məlumat veriləcək”, – deyə Rezai bildirib.

O, həmçinin qarşıdakı günlərdə Hörmüz boğazının hüdudlarından kənarda yeni məhdud giriş zonasının elan ediləcəyini açıqlayıb. Rezainin sözlərinə görə, Tehranla razılaşdırılmadan həmin əraziyə daxil olan gəmilər sanksiyalarla üzləşə bilər.

İran rəsmisi bildirib ki, yeni zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayaraq Fars körfəzinin müəyyən hissələrinə qədər uzanacaq və yükləmə limanlarına qədər olan ərazini əhatə edəcək.

Rezai həmçinin Hörmüz boğazının tamamilə bağlandığını və İran Silahlı Qüvvələrinin nəzarətində olduğunu iddia edib. O, ABŞ prezidentinin boğazın açıq olması ilə bağlı bəyanatlarını təkzib edib.

“ABŞ tərəfi beş-altı gəmini qaçaqmalçılıq yolu ilə keçirməyə çalışır. Bu, onlara baha başa gəlir, həmin gəmilər adətən hücumlara məruz qalır”, – deyə Rezai bildirib.

Təhlükəsizlik Şurasının katibi İranın ABŞ gəmilərini batırmamaq qərarına gəldiyini də açıqlayıb. O, bunun səbəbini həmin gəmilərdə neft daşınması və mümkün ekoloji zərərlə əlaqələndirib.

Rezai bildirib ki, ABŞ “hədə-qorxu və təcavüzlərə” son qoymayana, həmçinin İranın etimadını bərpa etməyənə qədər Tehran Hörmüz boğazının açılması ilə bağlı hər hansı öhdəlik götürməyəcək.

“Danışıqların davam etməsi üçün ABŞ-lılar İranın etimadını qazanmalıdırlar”, – deyə o vurğulayıb.

İran rəsmisinin sözlərinə görə, Tehran yalnız ABŞ tərəfindən təhdidlərin olmadığı halda Hörmüz boğazında gəmiçiliyə mane olmamaq öhdəliyi götürə bilər.

Rezai ABŞ sanksiyaları fonunda İranda əsas məhsulların qıtlığı ilə bağlı yayılan məlumatları da təkzib edib. O bildirib ki, ölkənin neft satışı davam edir, əldə olunan gəlirlər İrana qayıdır və əsas mallar üzrə strateji ehtiyatlar sabit olaraq qalır.

Qeyd edək ki, İran rəsmisinin Hörmüz boğazının tamamilə bağlanması və yeni gəmiçilik dəhlizi ilə bağlı açıqlamaları hələlik İran tərəfinin bəyanatlarına əsaslanır.