Fransa və Qrenlandiya turizm və elmi-tədqiqat sahələrində əməkdaşlığı genişləndirir
Fransa və Qrenlandiya turizm, mədəniyyət və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı iki niyyət bəyannaməsi imzalayıb.
Denizxeber.az bildirir ki, sənədlər Fransa və Qrenlandiyanın müvafiq rəsmilərinin iştirakı ilə imzalanıb.
Turizm sahəsində əməkdaşlığın əsas məqsədlərindən biri Qrenlandiyada yerli icmaların maraqlarını nəzərə alan dayanıqlı turizm modelinin inkişaf etdirilməsidir.
Hazırda Qrenlandiyaya il ərzində təxminən 100 min turist səfər edir. Yeni hava limanı infrastrukturunun yaradılması və Arktika kruizlərinin inkişaf etdirilməsi ilə turist axınının daha da artacağı gözlənilir.
Fransanın turizm üzrə naziri Serj Papin Qrenlandiyanın həssas qütb ekosistemlərinin qorunması ilə turizmin inkişafı arasında düzgün tarazlığın yaradılmasının vacibliyini vurğulayıb.
Tərəflər turizmlə yanaşı, mədəniyyət və elmi-tədqiqat sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan ayrıca niyyət bəyannaməsi də imzalayıblar.
Fransa rəsmiləri imzalanan sənədləri Paris və Nuuk arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addım kimi qiymətləndiriblər.





