Uğursuzluqdan xidmətə keçid

61

Şimali Koreya yeni “Çve Xen” sinifli esmines “Kan Qon”u istismara verib.

Denizxeber.az bildirir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.

Mərasim Vonsan limanında baş tutub. Tədbirdə Şimali Koreya lideri Kim Çen In iştirak edib. Gəminin rəsmi istismara verilməsindən sonra o, esminesə minib, döyüş bölmələrini yoxlayıb və heyətlə görüşüb.

Gəmi Şimali Koreyanın Hərbi Dəniz Qüvvələrinin Şərq Donanmasına təhvil verilib.

Kim Çen In bildirib ki, gəmi nüvə cavab sisteminin bir hissəsi olacaq və əmr verilərsə, düşmənlərə dağıdıcı zərbə endirəcək.

“Kan Qon” artıq ikinci “Çve Xen” sinifli esminesdir. Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, o, inteqrasiya olunmuş döyüş qabiliyyətinə malikdir və istənilən sularda əməliyyat missiyaları yerinə yetirə bilər.

Gəmi ötən il qəzaya uğrayıb: təntənəli suya buraxılış zamanı qismən çevrilib. Şimali Koreya lideri qəzanın səbəbini “cinayət səhlənkarlıq” adlandırıb, hakimiyyət orqanları üç nəfəri saxlayıb.