Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Denizxeber.az bildirir ki, bu barədə “Yeni Sabah” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, sentyabrın 9-da baş verən hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub. Daha iki Azərbaycan vətəndaşı – İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb.
Yaralılar Ukraynanın Çernomorsk şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə ilə bağlı Azərbaycan XİN tərəfindən Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Yaralı vətəndaşların tibbi müayinə və müalicədən sonra Azərbaycana qaytarılması, onlara zəruri konsulluq yardımının göstərilməsi, həmçinin həlak olan şəxslərin cənazələrinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Xarici İşlər Nazirliyi həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan vətəndaşlara isə tezliklə şəfa diləyib.
Nazirlik, həmçinin Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.





