Kapitan: Gəminin sığorta dəyəri ödənilə bilər, amma təhlükədə olan dənizçinin canıdır – VİDEO

427

“Gəmiçilik şirkətləri riski kommersiyalaşdırırlar, sığorta mexanizmlərinə işləyirlər. Gəmi vurularsa, şirkət onun dəyərini sığortadan alacaq. Amma burada təhlükədə olan dənizçinin canıdır”.

Denizxeber.az Baku.tv-ə istinadən xəbər verir ki, bu sözləri gəmi kapitanı Ülfət Əzizov deyib.

O bildirib ki, mövcud beynəlxalq qaydalara əsasən, mülki gəmi yalnız silah və ya hərbi təyinatlı yük daşıdığı halda hərbi obyekt kimi hədəfə alına bilər.

Kapitanın sözlərinə görə, gəminin hücuma məruz qalması və ya vurulması halında məsuliyyət məsələsi də ciddi şəkildə araşdırılmalıdır:

“Bundan başqa, dənizçi işə gedərkən əmək müqaviləsinə diqqət etməli, müəyyən tələblər irəli sürməlidir. Çünki bəzi şirkətlərə güvənmək olmur. Onlar dənizçinin haqqını sığorta ödənişi hesabına təmin etmək əvəzinə mənimsəyə bilərlər”.

Ü.Əzizov qeyd edib ki, dənizçilər müqavilə imzalayarkən gəminin üzmə rayonlarına və marşrutlarına xüsusi diqqət yetirməlidirlər.

“Əgər dənizçi müqavilədə müharibə zonasına daxil olmayacağını qeyd etdirərsə, bu, onun təhlükəsizliyinin təmin olunması baxımından mühüm şərt ola bilər”, – deyə kapitan əlavə edib.