Çinin “Gravity-1 Y3” daşıyıcı raketi Şanxay yaxınlığında dənizdən həyata keçirilən buraxılış zamanı 9 peyki uğurla planlaşdırılan orbitə çatdırıb.
Denizxeber.az bildirir ki, Pekin vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 02:00) həyata keçirilən buraxılış zamanı faydalı yükün çəkisi və orbit hündürlüyü baxımından yeni rekordlar qeydə alınıb.
Raket “Qianfan” peyk qruplaşmasının yeni partiyasını, eləcə də bir neçə sınaq peykini orbitə çıxarıb. Bu, “Gravity-1” raketinin sayca dördüncü uçuşu olub.
Çinin özəl aerokosmik şirkəti “OrienSpace” tərəfindən hazırlanmış “Gravity-1” bərk yanacaqlı daşıyıcı raketdir və 6,5 tona qədər faydalı yük daşımaq imkanına malikdir.
Bu, raketin açıq dənizdən həyata keçirilən ikinci buraxılışıdır. İyul ayında keçirilən ilk dəniz buraxılışı zamanı “Gravity-1 Y4” raketi 9 peyki orbitə çıxarıb.
Ekspertlərin fikrincə, son missiya raketin yüksək temperatur, yüksək rütubət və duzlu dəniz havası kimi mürəkkəb şəraitdə işləmə qabiliyyətini sınaqdan keçirib və onun etibarlılığını nümayiş etdirib.
Məlumata görə, missiya həmçinin genişmiqyaslı peyk qruplaşmalarının şəbəkələşmə tələblərini qarşılamaq məqsədilə üst-üstə yerləşdirilmiş peyklərin bərk yanacaqlı raket vasitəsilə buraxılması üzrə dünyada ilk təcrübə kimi qiymətləndirilir.





