Rumıniya Ukraynadakı müharibə fonunda hava və dəniz pilotsuz aparatlarından qaynaqlanan təhlükələrin artması ilə əlaqədar Qara dəniz və Dunay çayı üzərində yerləşən dörd hərbi limanın müdafiəsini gücləndirir.
Denizxeber.az bildirir ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində əldə edilən yeni antidron sistemlərinin quraşdırılmasına başlanılıb.
“Black Talon” sistemləri Konstansa və Manqaliya dəniz limanlarında, eləcə də Dunay üzərindəki Breila və Tulça limanlarında yerləşdiriləcək. Avadanlığın ilkin sınaqları Konstansa limanında aparılır. Sistemin oktyabrın sonunadək istismara verilməsi gözlənilir.
“Black Talon” hava məkanında və su səthində hərəkət edən pilotsuz aparatları aşkarlamaq və izləmək üçün nəzərdə tutulub. Onun müşahidə məsafəsi 10 kilometrə çatır ki, bu da limanların hərbi və mülki hissələrinə nəzarət etməyə imkan verəcək.
Layihə çərçivəsində sualtı mühitin müşahidəsi üçün “Sentinelle” avadanlığının da quraşdırılması planlaşdırılır. Bu sistem 50 metrdən artıq dərinlikdə müşahidə aparmağa imkan verəcək. Beləliklə, limanların müdafiəsində hava, suüstü və sualtı təhlükələrin eyni vaxtda izlənməsi nəzərdə tutulur.
Konstansa hərbi limanının komandanı, kontr-admiral Çiprian Mandaki bildirib ki, “Black Talon” pilotsuz aparatla onun operatoru arasındakı rabitəni kəsməyə imkan verir. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri ilə bir neçə ildir davam edən əməkdaşlıq proqramı artıq avadanlığın istismar mərhələsinə çatıb. Hazırda sistemlə işləyəcək personalın istehsalçı müəssisədə hazırlığı davam edir.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Mixay Panait yeni avadanlığın limanlarda yerləşən gəmilərin və kritik infrastrukturun müdafiəsi üçün əlavə imkanlar yaradacağını vurğulayıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Qara dənizdə son aylarda baş verən hadisələrlə əlaqələndirilir. Avqustun 20-də Rumıniya hərbçiləri ölkənin müstəsna iqtisadi zonasında, “Neptun Deep” qaz layihəsinin platformasından bir neçə yüz metr aralıda partlayıcı daşıyan dəniz dronunu məhv ediblər. Hadisə Konstansadan təxminən 80 dəniz mili şərqdə baş verib. Ukrayna tərəfi Buxarestlə birbaşa əlaqə kanalı vasitəsilə həmin aparatın Ukraynaya məxsus olmadığını bildirib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin ilk səkkiz ayında ölkənin hava məkanına 25 pilotsuz aparat daxil olub, onlardan dördü qırıcı təyyarələr tərəfindən vurulub. Ukrayna ilə sərhəd yaxınlığında həmin müddətdə 64 hücum qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 28 olub.
Qara dənizdə enerji infrastrukturunun mühafizəsi də Rumıniya üçün xüsusi əhəmiyyət daşıyır. “Neptun Deep” layihəsində təbii qaz hasilatına 2027-ci ildə başlanılması planlaşdırılır. Rumıniya Hərbi Dəniz Qüvvələri bu ərazidə freqatlar, yardımçı gəmilər, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə dalğıc bölmələri və sahil mühafizəsi ilə birgə patrul fəaliyyəti həyata keçirir.





