Türk dünyası yeni logistika marşrutunda

56

Dəhlizin beynəlxalq ictimaiyyət üçün getdikcə artan əhəmiyyətinin növbəti təsdiqi bu yaxınlarda Bakıda keçirilən Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında onun inkişafı, perspektivləri və imkanları mövzusunun əsas müzakirə mövzusuna çevrilməsi olub.

Denizxeber.az bildirir ki, tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu yaxın vaxtlarda həyata keçirilə biləcək bir sıra konstruktiv təkliflərlə çıxış edib. O bildirib ki, Türk dövlətlərinin birgə İnkişaf Bankının yaradılması layihəsi hazırlanıb. Bu bank Orta Dəhlizin investisiya platforması kimi inkişafına kömək edəcək.“Dünya maliyyə bazarında söz sahibi olmaq üçün birgə İnkişaf Bankı yaratmaq lazımdır. Prezidentimizin tapşırığı ilə biz Prezident Administrasiyasının Maliyyə İdarəsi ilə birlikdə müvafiq layihə də hazırlamışıq. Onu digər türk dövlətlərinə, eləcə də təşkilatımızın Baş katibliyinə təqdim edəcəyik”, – deyə o bildirib.Kürşad Zorlu Türkiyənin Orta Dəhlizdən Fars körfəzinə doğru yeni marşrutun açılmasına çalışdığını xüsusi vurğulayıb.“Bizim baxışımız yalnız Xəzər dənizindən tranzit marşrutu kimi istifadə etməklə məhdudlaşmır. İraqla “İnkişaf Yolu” layihəsi üzrə sazişin ilkin protokolunu imzalamışıq.

Bu marşrut Türkiyə ərazisindən keçərək Fars körfəzinə doğru uzanacaq”, – deyə Kürşad Zorlu bildirib.Bəs “İnkişaf Yolu” layihəsi Orta Dəhlizin potensialını hansı aspektdə gücləndirəcək və Türkiyə nümayəndəsinin konfransda səsləndirdiyi təkliflər ümumilikdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə nə qazandıracaq? Caliber.Az-ın bu suallarını Türkiyə və Qazaxıstandan olan analitiklər cavablandırıblar. Orta Dəhliz və “Şimal–Cənub” istiqamətinin inteqrasiyasıAnkara Böhranların və Siyasətin Tədqiqi Mərkəzinin (ANKASAM) beynəlxalq münasibətlər üzrə mütəxəssisi Göktuq Çalışkan hesab edir ki, Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında müzakirə olunan məsələ Orta Dəhlizin coğrafi marşrutundan daha geniş və kompleks nəqliyyat əlaqələri modelini əhatə edib.“İndiyədək Orta Dəhlizə əsasən Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Şərq–Qərb xətti kimi baxmışıq.Lakin Türkiyənin layihəsi Şərq–Qərb sisteminə güclü Şimal–Cənub istiqamətinin inteqrasiyasına yönəlib.

Beləliklə, Orta Dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daxil olan yüklər Türkiyənin nəqliyyat şəbəkəsi çərçivəsində cənuba yönləndirilə bilər.Daha sonra onların Qaziantep şəhərinin iri sənaye və logistika mərkəzi, eləcə də Şanlıurfanın tranzit məntəqəsi vasitəsilə Ovako sərhəd-keçid məntəqəsinə çatdırılması planlaşdırılır.Sonrakı mərhələdə marşrut İraqı şimaldan cənuba – Mosul və Bağdad şəhərləri vasitəsilə keçərək Bəsrədə başa çatır. Beləliklə, ölkənin daxili nəqliyyat şəbəkəsi yaxın vaxtlarda Yaxın Şərqin ən böyük dərin dəniz limanına çevrilməli olan Əl-Fav limanının imkanları ilə birləşir. Buradan yüklər Fars körfəzi və Hind okeanının su yollarına çıxış əldə edəcəklər.

Beləliklə, Orta Dəhlizdən cənuba doğru uzanan bu kommunikasiya qolu aşağıdakı qaydada fəaliyyət göstərəcək: Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn yüklər Türkiyə vasitəsilə İraqa və Fars körfəzinə çata biləcək. Əks istiqamətdə isə Fars körfəzi ölkələrindən və ya Hind okeanı hövzəsindən Əl-Fav limanına daxil olan yüklər Türkiyə ərazisi vasitəsilə Avropaya çatdırılacaq, yaxud Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına yönəldiləcək.Nəticədə Ankara Şərqdən Qərbə və Şimaldan Cənuba doğru ticarət axınlarının kəsişdiyi logistika mərkəzi kimi mövqelərini gücləndirir”, – deyə o vurğulayıb.Siyasi şərhçi, həmçinin Qars–İğdır–Dilucu dəmir yolu layihəsinin Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqələrinin Orta Dəhliz kontekstində möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, bu layihə yüklərin Türkiyə ərazisindən keçməklə alternativ marşrutlar vasitəsilə Aralıq dənizinə, Avropaya, eləcə də cənub istiqamətində İraqa və Fars körfəzinə çatdırılmasına imkan verə bilər.“Bununla belə, bəyan edilmiş ideya siyasi və icra baxımından kifayət qədər aydın olsa da, bütün logistika əlaqələri üzrə yekun texniki marşrut və əməliyyat modeli hələ təsdiqlənməyib.İraqda “İnkişaf Yolu” layihəsinin maliyyələşdirilməsi, Ovako ilə əlaqə və Türkiyənin iştirakı layihənin kritik əhəmiyyətli elementlərindəndir. Buna görə də onların pozulmasına və təxirə salınmasına yol verilməməlidir.Bundan əlavə, Orta Dəhlizin diqqət tələb edən problemləri də mövcuddur. Bunlara Xəzər dənizində gəmiçilik imkanlarının, vaqonların, konteynerlərin, gömrük komponentlərinin və digər resursların çatışmazlığı daxildir.

Bu problemlər Bakıda bu mövzu ilə bağlı keçirilən son məsləhətləşmələr zamanı xüsusilə aydın şəkildə gündəmə gətirilib.Mənim fikrimcə, Orta Dəhlizlə bağlı əsas mövzudan əlavə, Türk dövlətlərinin birgə İnkişaf Bankının yaradılması təklifi də olduqca mühüm əhəmiyyət daşıyır.Türk İnvestisiya Fondu artıq mövcuddur. Lakin hazırda beynəlxalq maliyyə bazarlarından vəsait cəlb edə, kreditlər təqdim edə və xüsusilə Orta Dəhliz kimi iri infrastruktur investisiyalarını dəstəkləyə biləcək daha geniş maliyyə mexanizmi nəzərdən keçirilir.Əgər bu ideya Təşkilata üzv ölkələr tərəfindən dəstəklənərsə, TDT çərçivəsində iqtisadi əməkdaşlığın davamı xeyli böyük əhəmiyyət kəsb edə bilər.Beləliklə, Bakıda keçirilən görüşdə diqqətimi cəlb edən əsas məqam ondan ibarətdir ki, Türk dövlətləri arasında əməkdaşlıq getdikcə nəqliyyat, gömrük, maliyyə, rəqəmsallaşma və birgə investisiyalara əsaslanan konkret iqtisadi məzmun əldə edir”, – deyə Göktuq Çalışkan bildirib.

“İnkişaf Yolu” İraq üçün də mühüm əhəmiyyət daşıyırÖz növbəsində, Qazaxıstanlı politoloq, Analytics tədqiqat mərkəzinin rəhbəri Fərhad Kəsənov qeyd edib ki, İraq ərazisində həyata keçirilən “İnkişaf Yolu” layihəsi Türkiyənin logistika marşrutları ilə birləşərək Orta Dəhliz vasitəsilə daşınan yüklərin birbaşa Fars körfəzinə və Hind okeanına çatdırılmasına imkan verəcək.“Bu gün dünya logistikasında ümumilikdə böyük dəyişikliklər baş verir. Bu, ilk növbədə, son hərbi münaqişələrin təcrübəsinin göstərdiyi kimi, dəniz yollarının ciddi risklərə məruz qalması ilə bağlıdır. Buna misal olaraq Hörmüz boğazındakı vəziyyəti göstərmək olar.

Düşünürəm ki, əsas məsələ dəniz yollarının kifayət qədər dar olması və onların raketlər, hərbi gəmilər vasitəsilə nisbətən asanlıqla blokadaya alına bilməsidir. Bu səbəbdən quru marşrutları daha etibarlı görünür.Bu halda söhbət yeni yolun tikintisindən gedir. Həmin yol nəqliyyat axınlarının müəyyən mənada blokadadan çıxarılmasına, yaxud başqa sözlə, dəniz arteriyalarından asılılığın azaldılmasına kömək edəcək.

Eyni zamanda, Fars körfəzi ölkələrindən Avropaya yüklərin çatdırılması üçün əlavə marşrut rolunu oynayacaq və Orta Dəhlizi tamamlayacaq”, – deyə o bildirib.Ekspert yeni marşrutun İraq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iri limanların fəaliyyət göstərməsi üçün müvafiq yük axınlarının mövcudluğu zəruridir.“Əl-Fav limanı fəal şəkildə tikilir. Onun vasitəsilə 100 milyon tona qədər yük daşına bilər. Lakin limanın yüklənməyə, yəni ora daxil olacaq və daha sonra başqa istiqamətlərə daşınacaq yüklərə ehtiyacı var.

Buna görə də əlavə marşrutlar İraq tərəfi üçün çox vacibdir.Qazaxıstanın mövqeyinə gəlincə, Astana aşağıdakı strategiyadan çıxış edir: regionda sabitliyi gücləndirən, dost ölkələrin təsir imkanlarını artıran və Orta Dəhliz vasitəsilə əlavə yük axınlarını təmin edən bütün təşəbbüslər birmənalı şəkildə dəstəklənir.Bunun ayrıca bir aspekti də bütün bu məsələlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirilməsidir. Bu, heç də təsadüfi deyil.

Bu məsələdə, şübhəsiz ki, Ankara mühüm rol oynayır. Türkiyənin güclənməsi və onun logistika imkanlarının genişlənməsi Türk dünyasının bütün ölkələrinin maraqlarına uyğundur. Çünki bu, bütövlükdə dünya güclərinin ölkələrimizə marağını artırır və imkanlarımızı genişləndirir”, – deyə Fərhad Kəsənov fikrini yekunlaşdırıb.