Rəqabət güclənir

43

II Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan regional nəqliyyat xəritəsində ardıcıl addımlar atmağa başlayıb. Zəngəzur dəhlizi layihəsi çərçivəsində Horadiz–Ağbənd dəmir yolunun bərpası ilə başlayan proses sonrakı illərdə daha da genişlənib.

Denizxeber.az “Yeni Sabah”a istinadən xəbər verir ki, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Ekspert İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-də verdiyi açıqlamanın regional nəqliyyat layihələri baxımından diqqətçəkən olduğunu bildirib.

Ağamirzəyevin sözlərinə görə, 2024-cü ildən Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb. Layihənin 60 kilometrlik birinci mərhələsinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Eyni zamanda, Osmanlı–Horadiz istiqamətində dəmir yolu infrastrukturunun yenilənməsi həyata keçirilir.

Ekspert qeyd edib ki, 2025-ci ildə Ordubad–Salamməlik–Ermənistan sərhədi dəmir yolu və Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihələrinə start verilib. Bu il isə Naxçıvandakı dəmir yolu infrastrukturunun əsaslı təmirinə başlanılıb. Ermənistan ərazisində TRIPP layihəsi üzrə ilkin mühəndis-axtarış işləri aparılır.

Azərbaycan, bununla yanaşı, İran üzərindən Araz dəhlizi çərçivəsində Kəlalə–Ağbənd avtomobil yolu körpüsünü istifadəyə verib. Ağamirzəyev bunu regional nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, proses artıq yalnız Azərbaycan və Türkiyənin layihələri ilə məhdudlaşmır. İranda Mərənd–Çeşmə-Soraya–Aralık dəmir yolu layihəsi ilə bağlı son dövrlərdə aktiv məlumatlar yayılır. Ekspert bu layihəyə skeptik yanaşdığını bildirərək, məsələyə yalnız yeni dəmir yolunun tikintisi kimi deyil, mövcud və tarixi marşrutlar arasında yaranan rəqabət kontekstində baxılmasının vacibliyini vurğulayıb.

Ağamirzəyev İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-dəki açıqlamasına da diqqət çəkib. Səfir İranın “Sülh kəsişməsi”nə dəstəyini ifadə etməklə yanaşı, layihənin həm Qərb–Şərq, həm də Şimal–Cənub hərəkətini əhatə etməli olduğunu bildirib.

Şirğolaminin sözlərinə görə, Azərbaycan Naxçıvan vasitəsilə Ermənistanla İran arasında dəmir yolu əlaqəsi imkanını təmin etməlidir. O, Yerasx–Culfa bağlantısının Ermənistanı Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit qovşağına çevirə biləcəyini qeyd edib.

Ekspert vurğulayıb ki, İran üçün məsələ yalnız Azərbaycan–Naxçıvan bağlantısından ibarət deyil. Tehran üçün Naxçıvan üzərindən keçən marşrut həm Fars körfəzi–İran–Naxçıvan–Ermənistan–Qara dəniz istiqamətində, həm də Van gölünü yan keçməklə Türkiyəyə çıxış verən alternativ bağlantı kimi əhəmiyyət daşıyır.

O xatırladıb ki, bu marşrut yeni deyil. İrəvan–Uluxanlı–Noraşen–Culfa–Təbriz dəmir yolu xətti 1908-ci ildən fəaliyyət göstərir. Bu tarixi xətt Naxçıvanın regional dəmir yolu şəbəkəsindəki əhəmiyyətini göstərir.

Ağamirzəyevin fikrincə, Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu xəttinin, Azərbaycan tərəfində isə Ordubad–Salamməlik–sərhəd istiqamətinin tikintisi yalnız Zəngəzur dəhlizinin yaradılması kimi qiymətləndirilməməlidir. Bu layihələr Naxçıvan üzərindən keçən tarixi marşrutun yenidən regional tranzit sisteminə inteqrasiyası və onun əhəmiyyətinin artırılması deməkdir.

Belə olan halda, Mərənd–Çeşmə-Soraya–Aralık xətti də sadəcə yeni İran–Türkiyə dəmir yolu kimi deyil, Naxçıvan üzərindən formalaşan marşrutla potensial rəqabət aparan paralel bağlantı kimi nəzərdən keçirilməlidir.

Ekspert əlavə edib ki, səfirin açıqlaması İranın Naxçıvan üzərindən Ermənistan və daha sonra Qara dəniz istiqamətinə çıxışda maraqlı olduğunu göstərir. Əgər məqsəd həqiqətən Fars körfəzi ilə Qara dənizi birləşdirən yeni tranzit xətti yaratmaqdırsa, Naxçıvan marşrutunun potensialı ayrıca qiymətləndirilməlidir.

Ağamirzəyevin sözlərinə görə, əsas məsələ artıq “kim hansı yolu tikir?” sualı deyil. Eyni yük bazarı uğrunda yaranan alternativ marşrutların məsafə, vaxt, tarif, tutum və sərhəd keçidi baxımından hansı imkanlara malik olacağıdır. Ekspert hesab edir ki, dəhlizlər arasında rəqabət məhz bu amillər əsasında daha da kəskinləşəcək.