BMT Baş Assambleyasının iclasında çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq maliyyə qurumlarını və donor ölkələri İssık-Kul gölünün qorunması üçün xüsusi birgə etimad fondu yaradılması təşəbbüsünü dəstəkləməyə çağırıb.
Denizxeber.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, UNESCO-nun biosfer qoruğu və Ramsar Konvensiyası çərçivəsində beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi statusuna malik olan unikal yüksək dağ gölü hazırda ciddi iqlim təzyiqi ilə üzləşir.
“Son 170 ildə suyun səviyyəsi təxminən 14 metr aşağı düşüb və 2021-ci ildən etibarən azalma tempi ildə 7 santimetrə çatıb”, – deyə Sadır Japarov bildirib.
Onun sözlərinə görə, tarixən İssık-Kul gölünə tökülən 101 çaydan hazırda yalnız 30-u ilboyu axır. Gölün əsas su mənbələrindən biri Tyan-Şan dağlarının buzlaqlarıdır. Son 70 ildə dağ buzlaqlarının 30 faizindən çoxu əriyib və bu itkinin təxminən 20 faizi son 7–10 il ərzində baş verib.
Qırğızıstan Prezidenti qeyd edib ki, bu dəyişikliklər regionun biomüxtəlifliyi və yüz minlərlə insanın iqtisadi dayanıqlılığı üçün ciddi təhlükə yaradır.
“İqlim dəyişikliyinin miqyası və sürəti istənilən dağlıq dövlətin imkanlarını aşır və beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsini tələb edir”, – deyə o vurğulayıb.
Sadır Japarov bildirib ki, Qırğızıstan artıq 2030-cu ilədək İssık-Kulun ekoloji və iqtisadi sisteminin dayanıqlı inkişafı üzrə dövlət konsepsiyasını həyata keçirir. Ölkədə ekoloji məhdudiyyətlər tətbiq olunur, sualtı robotlar vasitəsilə gölün dərinliyi izlənilir, gölün dibi və suları mütəmadi olaraq təmizlənir.
Dövlət başçısı İssık-Kulun qorunması məqsədilə BMT-nin himayəsi altında xüsusi birgə etimad fondunun yaradılmasını təklif edib. O, Qırğızıstanın da bu təşəbbüs çərçivəsində konkret maliyyə öhdəliyi götürməyə hazır olduğunu bildirib.
“Biz dövlət büdcəsindən bu fonda 10 milyon dollar ayırmağa hazırıq”, – deyə Sadır Japarov qeyd edib.
Prezident Aral dənizinin və Çad gölünün taleyinin iqlim dəyişikliyinin böyük su hövzələri üçün yarada biləcəyi nəticələrə dair xəbərdarlıq olduğunu vurğulayıb.





