Sentyabrın 24-də dünya ictimaiyyəti Ümumdünya Dəniz Gününü qeyd edir. Hər il sentyabrın son cümə axşamı qeyd olunan bu əlamətdar gün dəniz təhlükəsizliyinin təmin edilməsi, dəniz ətraf mühitinin qorunması və gəmiçiliyin davamlı inkişafına diqqətin artırılmasına xidmət edir.
Denizxeber.az bildirir ki, 2026–2027-ci illərdə Beynəlxalq Dəniz Təşkilatı (IMO) Ümumdünya Dəniz Gününü “Siyasətdən təcrübəyə: Dənizçilikdə mükəmməlliyin təmin edilməsi” devizi altında qeyd edir. Təşkilat beynəlxalq standartların yalnız qəbul edilməsinin deyil, onların effektiv şəkildə həyata keçirilməsinin də vacibliyini vurğulayır. Buraya dəniz təhlükəsizliyinin gücləndirilməsi, dənizçilərin təlimi, rəqəmsallaşma, karbonsuzlaşdırma və dəniz ətraf mühitinin mühafizəsi daxildir.
Ümumdünya Dəniz Günü 1978-ci ildə IMO Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. 1980-ci ilə qədər martın 17-də qeyd olunan gün sonradan sentyabrın son həftəsində qeyd edilməyə başlanıb.
Okeanlar planetdə həyatın, insanların dolanışığının və qlobal iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayır. Okeanlar nəfəs aldığımız oksigenin təxminən yarısını təmin edir, milyardlarla insan üçün qida mənbəyidir və saysız-hesabsız dəniz canlılarının yaşayış məkanıdır.
Ümumdünya Dəniz Gününün əsas məqsədlərindən biri həddindən artıq balıq ovu, çirklənmə və qlobal istiləşmənin dənizlərə və okeanlara təsiri ilə bağlı problemlərə beynəlxalq diqqəti artırmaqdır. Dənizlərin bioloji, təbii və rekreasiya ehtiyatlarının gələcək nəsillər üçün qorunması da əsas prioritetlərdəndir.
Bu məsələlər Xəzər dənizi üçün də xüsusi əhəmiyyət daşıyır. UNEP-in məlumatına görə, Xəzər dənizinin səviyyəsi 1990-cı illərdən etibarən təxminən iki metr aşağı düşüb. İqlim dəyişikliyi, buxarlanmanın artması, su axınının dəyişməsi, çirklənmə və yaşayış mühitinin deqradasiyası əsas amillər sırasında göstərilir.
Dəniz səviyyəsinin aşağı düşməsi Xəzəryanı beş ölkədə ekosistemlər, balıqçılıq, liman infrastrukturu və sahilyanı icmalar üçün ciddi risklər yaradır. UNEP-in hesablamalarına əsasən, Xəzər dənizinin səviyyəsi bu əsrin sonuna qədər daha 8–21 metr azala bilər.
2025-ci ilin noyabrında Tehran Konvensiyası çərçivəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Protokolunun qüvvəyə minməsi Xəzərin mühafizəsi istiqamətində mühüm addım olub. Sənəd Xəzəryanı dövlətlərdən birinin tələbi ilə dənizdə həyata keçiriləcək iri infrastruktur layihələrinin potensial transsərhəd ekoloji təsirlərinin qiymətləndirilməsini nəzərdə tutur.
Builki Ümumdünya Dəniz Günü beynəlxalq öhdəliklərdən konkret praktik tədbirlərə keçidin, naviqasiya təhlükəsizliyinin və dəniz ekosistemlərinin qorunmasının vacibliyini bir daha diqqətə çatdırır.
Dənizlərin və okeanların mühafizəsi yalnız təbiətin qorunması məsələsi deyil, insan həyatının və qlobal iqtisadiyyatın bütün sahələrinə təsir edən ümumi məsuliyyətdir.





