Xəzər dənizində Qazaxıstan hərbi qulluqçularının ölümü ilə bağlı 30-dan çox hərbçi dindirilib.
Denizxeber.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, nəzarət orqanı hadisə yerinə baxış keçirib, sənədlər və videomateriallar müsadirə olunub. Hadisə ilə bağlı 12 məhkəmə-tibbi ekspertizası təyin edilib.
Baş Prokurorluqdan bildirilib ki, xidməti səhlənkarlıqda şübhəli bilinən vəzifəli şəxslər, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinə lazımi nəzarəti həyata keçirməməkdə, zəruri tədbirləri görməməkdə və insanların ölümünə səbəb olan xilasetmə əməliyyatlarını düzgün təşkil etməməkdə şübhəli bilinən şəxslər müəyyən edilir.
“İstintaq bütün hallara tam hüquqi qiymət verəcək və bütün şübhəlilərə qarşı qanunvericiliyə uyğun prosessual tədbirlər görüləcək”, – deyə Baş Prokurorluqdan qeyd edilib.
Bundan əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyi cinayət işinin iki maddə – səhlənkarlıq və gəmi idarəetmə qaydalarının pozulması üzrə araşdırıldığını açıqlayıb.
Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı 19 qazaxıstanlı hərbçini su axını aparıb.
Qazaxıstanda hadisə nəticəsində hərbi qulluqçuların həlak olması ilə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.





