Gəmiçiliyin bərpasına çağırış

71

Təxminən 80 ölkə Yaxın Şərqdə İran və husilərin hərəkətlərini pisləyərək Hörmüz boğazında gəmiçiliyin təcili bərpa olunmasını tələb edib.

Denizxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaninin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində oxuduğu birgə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, İran və husilərin hərəkətləri beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə ciddi zərər vurur.

“İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyə, eləcə də gəmi sahiblərinin hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir. Biz həmçinin husilərin Yəməndə münaqişəni yenidən alovlandırmaq qərarını, Səudiyyə Ərəbistanına davamlı hücumlarını və Qırmızı dənizdəki düşüncəsiz hücumlarını qətiyyətlə pisləyirik”, – deyə Əl-Zəyani bildirib.

Bəyanatı imzalayan ölkələr arasında Fars körfəzi ölkələri ilə yanaşı, ABŞ və digər aparıcı Qərb dövlətləri də yer alıb.

Sənəddə həmçinin vurğulanıb ki, husilərin Bab-əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və qlobal ticarət üçün riskləri daha da artıracaq.