Dəniz və yelkən həvəskarlarının hər il böyük səbirsizliklə gözlədiyi, ilin ən nüfuzlu dənizçilik festivallarından biri olan 38-ci The Bodrum Cup üçün geri sayım başlayıb.
Denizxeber.az bildirir ki, 19–24 oktyabr 2026-cı il tarixlərində Egey dənizinin sərin sularında keçiriləcək möhtəşəm yarışda iştirak etmək istəyən dənizçilər üçün qeydiyyat prosesi başlayıb. Bodrumun mavi sularından tarixi yarımadalara uzanan marşrut üzrə keçiriləcək yarışa qatılmaq istəyən iştirakçılar artıq hazırlıqlara başlayıblar.
Hər il minlərlə yerli və xarici turistin marağına səbəb olan The Bodrum Cup yalnız yarış deyil, həm də böyük dənizçilik mədəniyyəti festivalıdır. Təşkilat komitəsinin yaydığı məlumata görə, tədbir 19 oktyabrda keçiriləcək ənənəvi kampana mərasimi ilə başlayacaq.
Kampananın səsindən sonra yelkənli qayıqlar küləklə hərəkətə keçəcək. İlk mərhələ oktyabrın 20-də Bodrum sularında başlayacaq və yenidən Bodrumda başa çatacaq. Bu mərhələdə iştirakçılar arasında gərgin mübarizə gedəcək.
Marşrut boyunca yelkənli qayıqlar Bodrumun mənzərəli körfəzlərindən ayrılaraq tarixi və təbii gözəllikləri ilə seçilən Knidos istiqamətində hərəkət edəcəklər. Knidos mərhələsindən sonra qayıqlar Ortakent sularına çatacaq və rəqabətin gərginliyi daha da artacaq.
Yarışın son mərhələlərində Ortakentdən Yalıkavaka qədər çətin, eyni zamanda zövqlü yürüş keçiriləcək. Yelkən həvəskarlarının səbirsizliklə gözlədiyi final isə oktyabrın 24-də Yalıkavak sahillərində keçiriləcək möhtəşəm bağlanış mərhələsi ilə başa çatacaq.
Peşəkar yelkənçilərdən həvəskar dənizçilərə qədər geniş iştirakçı kütləsini bir araya gətirən bu tədbir oktyabr ayında Bodrumda əsl külək bayramına çevriləcək. Egeyin möhtəşəm təbiəti və dalğaların ritmi fonunda keçiriləcək bu unudulmaz təcrübədə iştirak etmək istəyənlərdən qeydiyyatlarını vaxtında tamamlamaları tələb olunur.





