Sentyabrın 29-da qeyd olunan Ümumdünya Ürək Günü

45

Hər il sentyabrın 29-u Ümumdünya Ürək Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, günün əsas məqsədi ürək-damar xəstəliklərinin qarşısının alınması, risk faktorları barədə ictimai məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Bu xəstəliklərdən ölüm hallarının 85 faizi infarkt və insultun payına düşür.

Ürək-damar xəstəliklərinə ürək və qan damarlarının müxtəlif patologiyaları, o cümlədən koronar, serebrovaskulyar, revmatik və anadangəlmə xəstəliklər daxildir.

Mütəxəssislərin fikrincə, əsas risk faktorları arasında tütündən istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik, alkoqoldan zərərli istifadə, yüksək arterial təzyiq, qan şəkəri və xolesterinin yüksək səviyyəsi, artıq çəki və piylənmə yer alır. Havanın çirklənməsi də ürək-damar xəstəlikləri riskini artıran amillərdən biridir.

ÜST-nin məlumatına əsasən, ürək-damar xəstəliklərinin böyük hissəsinin risk faktorlarının idarə olunması yolu ilə qarşısını almaq mümkündür. Bunun üçün tütündən imtina etmək, duz və digər qeyri-sağlam qidaların qəbulunu azaltmaq, daha çox meyvə və tərəvəz istehlak etmək, müntəzəm fiziki aktiv olmaq, arterial təzyiqə, qan şəkərinə və xolesterin səviyyəsinə nəzarət etmək tövsiyə olunur.

Ürək-damar xəstəlikləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən mütəmadi tibbi müayinələrdən keçmək, risk faktorlarını erkən aşkarlamaq və vaxtında müalicəyə başlamaq xüsusi əhəmiyyət daşıyır.