Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.
Denizxeber.az bildirir ki, 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mühüm mərhələləri, dövlət müstəqilliyinin bərpası, hüquqi islahatlar və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.
Azərbaycan Prokurorluğunun tarixi 1918-ci il oktyabrın 1-dən – Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Sonrakı illərdə prokurorluq sistemi müxtəlif mərhələlərdən keçib, müstəqilliyin bərpasından sonra isə onun fəaliyyətində yeni inkişaf mərhələsi başlayıb.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu Azərbaycan Respublikasının Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edib. 1999-cu ildə qəbul edilmiş “Prokurorluq haqqında” Qanunla prokurorluğun fəaliyyət istiqamətləri daha dəqiq müəyyənləşdirilib. 2002-ci ildə keçirilmiş referendum nəticəsində prokurorluğa qanunvericilik təşəbbüsü hüququ da verilib.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Müstəqillik illərində həyata keçirilən hüquqi və institusional islahatlar nəticəsində Azərbaycan Prokurorluğunun maddi-texniki bazası gücləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib, müasir informasiya texnologiyaları tətbiq olunub və “Elektron Prokurorluq” informasiya sistemi yaradılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, əməkdaşların peşəkarlığının artırılması və vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm addımlar atılıb.
2020-ci il Vətən müharibəsindən sonra prokurorluq orqanlarının qarşısında yeni vəzifələr də müəyyənləşib. İşğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası, hüquq və qanunçuluğun təmin edilməsi, habelə müharibə zamanı törədilmiş cinayətlərin araşdırılması bu istiqamətlər sırasında xüsusi yer tutur.
Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlığı da son illərdə genişlənib. Xarici ölkələrin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsi, korrupsiyaya və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq diqqət mərkəzində saxlanılır.
Peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup prokurorluq əməkdaşının ali xüsusi və ali hərbi rütbələrlə təltif olunması, həmçinin müxtəlif medallara layiq görülməsi dövlət tərəfindən bu sahədə çalışan əməkdaşların əməyinə verilən yüksək qiymətin göstəricisidir.
108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğunun inkişaf yolu bu gün də davam edir. Zaman və qarşıya çıxan çağırışlar dəyişsə də, prokurorluğun əsas missiyası dəyişməz olaraq qalır: dövlətçilik ənənələrinin, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etmək.
Azərbaycan Prokurorluğunun əməkdaşlarını 108-ci ildönümü və peşə bayramı münasibətilə təbrik edir, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.





