Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır

379

Norveçin Neft Təhlükəsizliyi İdarəsi Şimal dənizinə neft sızması ehtimalı ilə geniş təhqiqata başladığını elan edib. Sızmanın ötən həftə “Equinor” Dövlət Neft-Qaz Şirkəti tərəfindən idarə olunan neft platformasında baş verdiyi güman edilir.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Equinor” mayın 15-də Şimal dənizinin səthində neft aşkar edəndən sonra “Statfjord A” yatağının işlənilməsini dayandırdığını açıqlayıb. Mütəxəssislər sızmanın məhz harada baş verdiyini və nə qədər neft sızdığını hələlik müəyyən edə bilməyiblər.

Təhqiqat çərçivəsində Neft Təhlükəsizliyi İdarəsinin əməkdaşları baş verən hadisənin səbəblərini və buna görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün qəzanın təfsilatını öyrənəcəklər.

Qeyd edək ki, “Statfjord A” yatağı Şimal dənizində, krallığın eyniadlı vilayətinin yaxınlığında yerləşir. 1974-cü ildə kəşf edilən yatağın işlənilməsinə 1979-cu ildə başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır