Qazaxıstan və Azərbaycan eyni vaxtda 120-dək dəmir yolu vaqonu daşıya biləcək yeni nəsil bərələrin inşası layihəsini nəzərdən keçirir.
Denizxeber.az bildirir ki, bunu Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsi sədrinin müavini Kasım Tlepov Dünya Bankı Qrupunun onlayn formatda keçirilən “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda tədbirində bildirib.
Tlepovun sözlərinə görə, hazırda Qazaxıstan və Azərbaycan arasında yükdaşımalarında istifadə olunan bərələrin tutumu məhdud olduğundan qatarların tərkibini bölmək zərurəti yaranır.
“ASCO”nun hazırda bərə daşımalarında istifadə etdiyi gəmilər maksimum 44 vaqon daşıya bilir. Buna görə də qatar tərkibi hissələrə bölünür: Kurık limanında 44 vaqon bərəyə yüklənərək Ələtə daşınır, daha sonra növbəti bərə Kurıka qayıdaraq qalan 15–20 vaqonu götürür. Bu zaman ilk 44 vaqon Ələt limanında gözləməli olur ki, bu da daşımaların səmərəliliyini azaldır.
Tlepov bildirib ki, tərəflər eyni vaxtda iki qatar tərkibini daşıya biləcək yeni bərələrin tikintisi imkanını nəzərdən keçirirlər.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan eyni vaxtda 120 dəmir yolu vaqonu daşıya biləcək bərələrin tikintisi üzrə layihə hazırlayır. Yeni bərələrin istifadəyə verilməsi fasiləsiz daşımaları təmin etməyə, limanlarda yükləmə-boşaltma proseslərinin müddətini təxminən üç dəfə azaltmağa və bütövlükdə marşrut üzrə yükün çatdırılma sürətini artırmağa imkan verəcək.
Tlepov həmçinin bildirib ki, Qazaxıstan maliyyə lizinqi proqramı vasitəsilə dəniz daşımalarında özəl biznesin iştirakını genişləndirmək niyyətindədir.
Onun sözlərinə görə, güzəştli maliyyələşmə mexanizmləri biznesə dəniz daşımalarında istifadə üçün gəmilərin alınmasına investisiya qoymaq imkanı yaradacaq. Beləliklə, daşımaların yalnız Qazaxıstanın “Kazmortransflot” və Azərbaycanın “ASCO” şirkətləri tərəfindən deyil, özəl şirkətlər tərəfindən də həyata keçirilməsi mümkün olacaq.





