Bu gün Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il keçir.
Denizxeber.az bildirir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının ilk günündə düşmənin illər ərzində möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarılıb. Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir sıra yüksəkliklər işğaldan azad edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyət daşıyan, həmin vaxt Tərtər rayonunun inzibati ərazisində yerləşən Madagiz və Talış kəndlərini işğaldan azad edib. Dövlət başçısı bu barədə sosial şəbəkə hesabında məlumat verərək Madagizin tarixi adını bərpa edib və yaşayış məntəqəsinin Suqovuşan adlandırıldığını bildirib.
Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Suqovuşan və Talış kəndləri Vətən müharibəsinin yeddinci günündə azadlığa qovuşub.
Suqovuşan və Talış Azərbaycan Ordusu üçün böyük strateji əhəmiyyətə malik ərazilərdən olub. Suqovuşanın azad edilməsi ilə mühüm təminat yolları Azərbaycanın nəzarətinə keçib. Döyüşlər zamanı Ermənistan ordusu ciddi canlı qüvvə və texnika itkisinə məruz qalıb.
Suqovuşan və Talış ətrafındakı yüksəkliklərin strateji əhəmiyyəti bu yaşayış məntəqələrinin azad edilməsini xüsusi əhəmiyyətli edib. Bu ərazilərin nəzarətə götürülməsi Azərbaycan Ordusuna ətraf əraziləri nəzarətdə saxlamaq imkanı verib.
2023-cü ildə Suqovuşan və Talış kəndləri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilib.





