Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi “Consul” adlı gəmidə 4 aydır çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər. Dənizçilər ərazidə gəmilərə qarşı davam edən dron hücumları səbəbindən gəmini tərk edə bilmədiklərini və həyatlarının təhlükədə olduğunu deyirlər.
Denizxeber.az bildirir ki, bu barədə “Bakupost”a müraciət edən gəminin kapitanı Səbuhi Salahov məlumat verib.
Kapitanın sözlərinə görə, gəmi Rostova yük götürmək məqsədilə gəlib və Moldovaya bir səfər həyata keçirib. Növbəti səfər zamanı isə ərazidə dron hücumları başlayıb və gəminin hərəkəti dayandırılıb:
“İkinci səfərimiz zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir”.
Dənizçilərin sözlərinə görə, gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Onlar şirkətin rəhbərləri arasında azərbaycanlı Elman Mürsəlovun və Türkiyə vətəndaşı Müzeffer Salimin olduğunu bildiriblər. Gəmi heyəti uzun müddətdir əməkhaqlarının ödənilmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün şərait yaradılmadığını iddia edir:
“Nə yol pulu verirlər ki, evə gedək, nə yeməkpulu, nə də maaşlarımızı ödəyirlər. Məvacibimizi alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik, səsimizi səs versinlər”.
S.Salahovun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyət üzvləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndəriliblər. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı hər hansı addım atılmayıb.
Kapitan bildirib ki, hazırda “Consul” gəmisində 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan əməkhaqlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.





