Batan gəmidə daha bir nəfərin cəsədi tapıldı

62

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində avqustun 30-da batan “Filo Jet” adlı sərnişin gəmisində itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Denizxeber.az “Haber Global”a istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı daha bir nəfərin cəsədi aşkarlanıb.

ŞKTR Baş Nazirliyindən bildirilib ki, tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 22-yə çatıb, 6 nəfərin axtarışları isə davam etdirilir.

Xatırladaq ki, “Filo Jet” adlı yüksəksürətli sərnişin gəmisi Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirirdi. Gəmi avqustun 30-da günorta saatlarında Girne limanından yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışarkən aşıb və batıb.

Gəminin göyərtəsində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da olub və onlar xilas ediliblər. Daha sonra ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə istintaq çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar. Hadisə ilə bağlı başlanmış istintaq çərçivəsində, üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər həbs edilib.

Qəza ilə bağlı istintaq və axtarış-xilasetmə tədbirləri davam etdirilir.